Allaha bəndəçilik

Qədir Məmmədov

Allaha bəndəçilik


Bismillahir-rəhmanir-rəhim.

 

Dini ədəbiyyatımızda hər bir insanın dəyəri onun Allah qarşısında  bəndəçiliik göstəricilərilə ölçülür. 

Bəndəçilik Rəbbin fərmanına boyun əymək , Ona itaət etmək və Onun qarısında təslim olmaqdır.  Bəndəçilik yolunda insanın əməllərinin  həqiqi dəyəri ona hakim olan təslim və itaət ruhuna bağlıdır.  Yanız Allaha və Onun övliyasına müti olanlar bu həyatın ağır və keşməkeşli yollarında sınmaz və bəndəçilik adlı bu gövhəri heç bir şeylə  əvəz etməzlər.  Onlar daima özlərini Mütəal  Allahın hüzurunda  görər və heç bir  zaman  puçluq, tənhalıq və azğınlıq hiss etməzlər.  Mütəal Allaha iman və bağlılıqdan doğan təslim  və itaət ruhu  onların yollarını aydınladar və fitnələr zamanı bəsirət bəxş edər. 

İnsanların  Allah-Taalaya və Onun övliyalarına olan sevgisi  və bağlılıqları fərqlidir: 

Bir çox insanlar Allah və Onun övliyasını Onun  mənfəət və maraqlarına xidmət etdiyi üçün sevirlər. 

 Qurani-Kərim bu barədə buyurur: 

وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَىٰ وَجْهِهِ 

"İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir. (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar". (Həcc surəsi, ayə 11) 

Bu barədə Quranda  bir çox nümunələr mövcuddur: Onlardan biri Həzrət Musanın (ə) yardım etdiyi tərəfdaşlarından birinin dastanıdır: 

Dünən ona yardım  edən və onun hüquqlarını müdafiə edən Həzrət Musa (ə)  elə bu gün də yardım  məqsədi ilə ona yaxınlaşırdı,  lakin bir an bunun əksini düşünən o tərəfdar, tez hay-küy salaraq Həzrət Musanın (ə) dünənki  məsələsini ifşa edir. 

Dünən onun  maraqlarına  xidmət etdiyi üçün sevgisini izhar etdiyi Musanı (ə) bu gün əksini düşündüyü üçün ifşa edir. 

Bu kimi insanlar Allahla öz mənfəətləri  arasında seçim  edərkən,  təbii ki,  Allahı, Peyğəmbəri, İmamı  və axirəti  görməzdən gəlir və  onların üstündən rahatlıqla  xətt çəkirlər. 

Bir sıra insanın seçimi isə yalnız Allahdır. Onlar sorğu-sualsız Mütəal Allah qarşısında təslim və Onun əmrlərinə tabedirlər. Allah övliyasının həyatını mütaliə edərkən bunu açıq-aydın görmək mümkündür.  Allaha və Onun övliyalarına sevgi bəsləyən, onlara təslim və göstərişlərinə müti olanlar bu bağlılıq nəticəsində  çətinliklər qarşısında dayanmış və fitnələr baş qaldırdığı zaman ən doğru mövqeni  sərgiləmişlər. 

Süffeyn müharibəsində əlinə qılınc alan Əmmar düşmən qarşısına çıxaraq belə dedi: "Ey mənim Rəbbim əgər mən bilsəm ki, Sənin razılığın mənim  özümü dənizə ataraq boğulmağımda və yaxud əlimdəki qılıncın üstünə atlayaraq ölməyimdədirsə, şübhəsiz, bu işi görərdim, lakin mən bu gün Sənin  razılığını bu kişiyə (Əli ibn  Əbutalib (ə)) yardım etməkdə və Müaviyə ilə  vuruşmaqda görürəm."

Əmmarın düşmən qarşısında bəsirətli  və ayıq olması Allaha və övliyasına bağlılığından  sorğu-sualsız təslim və itaətindən qaynaqlanırdı. 

Bu bəndəçilik ruhu  ona bəsirət verir və qaranlıq yolları aydınladırdı. Mütəal Allah ona həqiqətləri göstərirdi. O, başa düşürdü ki, bu gün nizələrə vurulan quranlar sabah İmam (ə) başını nizəyə vurmaq üçün başlanğıcdır.

Ruhani Qədir Məmmədov (Maide.Az) 

Google+ WhatsApp ok.ru