10 ayda əhalinin gəlirləri 4,7 faiz artıb

2014-cü ilin yanvar-noyabr aylarında ölkədə 53,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,2 faiz artıb. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5710,7 manat (7281,3 ABŞ dolları) təşkil edib.

“Media forum” saytı Dövlət Statistika Komitəsinin 15 dekabr hesabatına əsaslanaraq bildirir ki, 10 ayda iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9 faizdən 59,8 faizədək yüksəlib. Neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az əlavə dəyər istehsal edilib.

2014-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat olub. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin artımını 1,9 faiz bəndi üstələyərək 3,4 faiz təşkil edib.
Ölkə əhalisi gəlirlərinin 69,5 faizini son istehlak xərclərinə, 9,1 faizini vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizini kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 18,8 faizini isə yığıma yönəldib. /

 

Google+ WhatsApp ok.ru