12 saylı seçki məntəqəsində “ağ kağız əməliyyatı”nı ört-basdır edə bilmədilər - TƏFƏRRÜAT, FOTOLAR, VİDEO

Dekabrın 23-də müstəqil dövlətçiliyimizin tarixində sayca 4-cü bələdiyyə seçkiləri keçirildi. Belə ki, ilk dəfə 1999-cu ilin 12 dekabrında ölkəmizdə bələdiyyə seçkiləri keçirilib. Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.
Seçki yaxşı-pis başa çatdı. Hər kəs seçki haqqında danışdı, amma heç də yaxşı mənada yox... Belə ki, bir çox seçki məntəqəsində saxtakarlıq edildiyi ilə bağlı iddialar ortaya çıxdı. Yenə də seçki qutularına topa-topa bülletenlərin atıldığı, “karusel” əməliyyatının reallaşdırıldığı qeyd olundu.
Bununla bağlı hadisələrin videogörüntüləri də KİV-lərdə yetərincə yayılıb. Həmin görüntülərdən ən diqqət çəkəni isə «Meydan TV»-nin əməkdaşı Cavid Abdullayevin Yasamal rayonundakı 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsindən hazırladığı videomaterial oldu.
Belə ki, həmin videomaterialda seçki məntəqəsinin üzvü, məntəqənin girişində barmaqlara işarə vuran idman müəlliməsi Əfruz Hacıyevadan seçki ilə bağlı videomüsahibə alan C.Abdullayev, təsadüfən seçki qutusuna topa ilə bülleten atan qadını görür və bu olayı lentə alır. Və müsahibəni yarımçıq saxlayaraq, həmin qadına yaxınlaşır. Jurnalist həmin naməlum şəxsdən bülletenləri nə üçün topa şəkildə seçki qutusuna atdığını soruşur.
Qadın isə elə bir şey olmadığını deyərək, oradan uzaqlaşır. Bu zaman məntəqənin üzvlərindən biri olan Əfruz Hacıyeva jurnalistə çəkiliş etməkdə əngəl törətməyə başlayır. Və onu içəri dəvət edir.
Ancaq jurnalist içəri daxil olmaqdan imtina edir və qutuya atılmış biletlərlə bağlı suallar verməyə başlayır. Seçki məntəqəsinin üzvləri və müşahidəçiləri jurnalistin sualını cavablandırmaq əvəzinə onun üzərinə hücum çəkirlər. Və vəsiqəsini alaraq, parçalayırlar.
Jurnalist nə qədər etiraz etsə də, ona hücum çəkən müəllimələr, dayanmaq bilmirlər. Və jurnalist məcbur olub, oradan qaçaraq, uzaqlaşır.
 
Yayılan həmin video cəmiyyətdə geniş ajeotaj yaratdı. Hər kəs həmin məntəqədə baş verənlər haqda yazmağa və danışmağa başladı. 
 
Mən də musavat.com-un əməkdaşı olaraq, bu məsələni yerindəcə aydınlaşdırmaq üçün adı çəkilən seçki məntəqəsinə yola düşdüm. Və bir neçə maraqlı nüansların şahidi oldum.
 
Belə ki, 12 saylı seçki məntəqəsinin sədri Gülmira Yusifova bizə açıqlamasında bildirdi ki, Cavid Abdullayev özünü onlara təqdim etməyib: «Biz o jurnalistin kim olduğunu belə, bilmirik. Saqqallı, qulağında sırğa, əlində də balaca kamera ilə daxil oldu, məntəqəyə... Heç özünü təqdim etmədi. Haranın jurnalisti olduğunu da bilmədik. Gəldi, burada hay-küy saldı və getdi. O qadın da onunla gəlmişdi. Bütün bunlar təxribatdır». 
 
 
- Yəqin ki, siz də həmin jurnalistin çəkdiyi görüntüləri izləmisiniz. Videoda açıq-aşkar görünür ki, naməlum bir qadın seçki qutusuna topa şəkildə bülletenlər atır. Bu haqda nə deyə bilərsiniz?
 
- Həmin qadını biz tanımırıq. Ona bülleten də verməmişik. Oraya atdıqları da ağ kağızlar idi.
 
- Qutuya atılanların ağ kağız olduğunu haradan bilirsiniz?
 
- Bilirik. Çünki həmin qadına biz seçki bülleteni verməmişik.
 
- Belə çıxır ki, istənilən şəxs qutuya kağız və ya bülleten ata bilər?
 
- Təbii ki, yox... Amma hər şey bir anda oldu.
 
- Qutuya “ağ kağızlar” atılan zaman xanımın yanında məntəqənin nəzarətçilərindən biri dayanmışdı. Bəs, o niyə mane olmayıb?
 
- Sadəcə, diqqətindən yayınıb. Onun da başını həmin jurnalist qatmışdı.
 
- Axı, jurnalist bir nəfərdən müsahibə alırdı. Digərlərində yox...
 
- Sizin məqsədiniz nədir?
 
- Məqsədim hər kəsə düzgün informasiya çatdırmaq və suallarıma cavab tapmaqdır.
 
Məntəqə sədri suallarımıza doğru-dürüst cavab verə bilmədi. Çünki verəcək cavabı yox idi. Hər şey aydın idi. 
 
Bundan sonra olayda adı ən çox hallanan Əfruz Hacıyeva ilə danışdıq. Ə.Hacıyeva öz aqressiv davranışları ilə hər kəsdən fərqlənirdi. Bunu onun yaşının çox olması və ya yalanının üzə çıxması ilə də əlaqələndirmək olar. 
 
 
Ə.Hacıyeva həmin hadisəni bizə belə təsvir etdi: «Həmin jurnalist mənə özünü təqdim etmədi. Məndən müsahibə alan zaman yanımızdan keçən qadına suallar verməyə başladı. Guya o qadın qutuya bülleten atıb. Məni də itələdi. Heç kim onun vəsiqəsini əlindən almayıb. O, adını bizdən gizlədirdi». 
 
- Məsələ burasındadır ki, jurnalist sizdən müsahibə alarkən arxada bir qadının qutuya bülleten atdığını görür və onu çəkir. Və sonra da həmin xanıma bununla bağlı suallar verir. Siz isə, onun qarşısını alırsınız. Əslində isə, onun etdiyini siz etməli deyildinizmi? Xanımı saxlayıb, qutuya nə atdığını, nə üçün atdığını və kimliyini soruşmalı deyildinizmi?
 
- Yox, elə şey yoxdur. O qadının ora atdığı ağ kağızlar olub. Jurnalist bizə özünü təqdim etməyib. 
 
Bir sözlə, verdiyimiz sualların heç birisinə doğru-düzgün cavab ala bilmədik. Bu da normal hal idi. Seçki məntəqəsində hər kəs qutuya “ağ kağızlar”ın atıldığını deyirdi. Hər kəs buna tam əmin idi. Sanki öz əlləri ilə atmışdılar… 
 
Maraqlısı budur ki, qutuya atılanların “ağ kağız” olduğunu görəcək qədər diqqətli olan nəzarətçilər, müşahidəçilər və məntəqə sədri nədənsə, həmin qadının bu əməlinə mane ola bilməyiblər. Və səbəb kimi də qadının diqqətdən yayındığını deyirlər. 
 
Sona qədər gözlədik və bülletenlərin sayılma prosesində qismən iştirak etdik. Müəllimələrin iddia etdikləri kimi qutudan 5 ədəd “ağ kağız” çıxdı. Və bununla da hər şeyi “sübut” etdilər.
 
Bu müəmmalı hadisə haqqında daha ətraflı adıçəkilən seçki məntəqəsindən hazırladığımız və aşağıda təqdim etdiyimiz videomaterialda izləyə bilərsiniz: 

Google+ WhatsApp ok.ru