13 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı yayılan xəbərlərə reaksiya verildi

13 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslara içməli suyun verilməməsi ilə bağlı məlumat verilmişdi. Bu barədə mətbuata məhbusların yaxınları məlumat veriblər. Onlar baş verən bu halı isti yay günlərində məhbuslara verilən işgəncə halları kimi qiymətləndiriblər. 
 
Hazırda həmin cəzaçəkmə müəssisəsində cəza çəkən Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı da yayılan xəbərləri təsdiqləmişdi. Tofiq Yaqublu ailəsi ilə telefon danışığı zamanı bu barədə məlumat vermişdi.
 
Aidiyyati orqanların məsələyə münasibətini öyrəndik.
 
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl musavat.com-a açıqlamasında bu barədə yayılan xəbərin həqiqəti əks etdirmədiyini söylədi: “Belə bir problem yoxdur. Araşdırma apardıq. Mənə məlumat verildi ki, o ərazidə elə bir problem yaşanmır. Yayılan xəbərlər doğru deyil. Su həmin əraziyə vaxtında verilir və istifadə olunur. Oraya su Kür-Bakı xəttindən gedir”.
 
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin də mövqeyini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı. Çünki telefon zənglərimizə cavab verən tapılmadı.
 
Qeyd edək ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində tanınmış siyasi məhbuslar Anar Məmmədli, Tofiq Yaqublu, Pərviz Həşimli, Əli İnsanov və İlkin Rüstəmzadə cəza çəkirlər. musavat/

Google+ WhatsApp ok.ru