2014-cü il ölkə mətbuatı nə ilə yadda qaldı?

2014-cü il ölkə mətbuatı üçün bir sıra hadisələrlə yadda qaldı. Daha çox müstəqil mətbuata olunan təzyiqlər, jurnalistlərin həbsləri və s. bu il yadda qalan hadisələrdəndir. İlin sonunda KİV-lər haqqında qanuna olan dəyişiklik də bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirilir.
 
Bu il Azərbaycan mətbuatının ən çox həbslərlə yadda qaldığını deyən  araşdırmaçı jurnalist Elçin Şıxlı Deyerler.org-a ilin sonu ilə bağlı fikirlərini bölüşərkən deyib ki, ölkə mətbuatının peşəkarlığından heç cür danışmaq olmaz: ““Ayna” və “Zerkalo” qəzetlərininm bağlanması, Rauf Mirqədirovun , Xədicə İsmayılın, Seymur Həzinin həbsi kimi xəbərlər ölkə mətbuatının bu ilki durumunu göstərir. Ümumiyyətlə ölkə mətbuatının peşəkarlığından heç cür danışmaq olmaz. Çünki media və mətbuat üçün şərait çox gərgindir. Bu baxımdan burada peşəkarlığı artırmaqdan söhbət gedə bilməz. Hal- hazırda mövcud olub-olmamaq məsələsi həll olunur. Mən 2014-cü ildə müsbət heç bir şey müşahidə etməmişəm”.
 
“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan Deyerler.org-a ilin sonu ilə bağlı fikirlərini bölüşərkən deyib ki, “Yeni Müsvat” qəzeti  25 ilini yola saldı: “Bu ili şəxsi və ümumi planda dəyərləndirsək  ilk olaraq deyə bilərik ki, “Yeni Müsavat” qəzeti bir qərinəni yola saldı. Qəzetimiz  25 ilini yola saldı. Bundan bir neçə gün sonra qəzetin 6000-ci sayı da işıq üzü gördü. Bu ölkə mətbuatı, oxucuları, qəzetin əməkdaşları və demokartik kəsim üçşün çox mühüm bir rəqəmdir. Bu bütövlükdə cəmiyyətə lazım olan bir nəaliyyətdir. Amma ümumi olaraq son vaxtlar hakimiyyət müstəqil KİV-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atmaqdadır. Ötən il bu vaxtlar qəzetlərin yayaım problemi var idi. Amma artıq bu il KİV haqqında qanuna dəyişiklik olundu və qorxulu bir tendensiyanın əsası qoyuldu”.
 
“Azadlıq” qəzetinin mövcudiyyətini qoruduqlarını deyən qəzetin baş redaktoru Rahim Hacıyev Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, yaranmış vəziyyətdə bunun özü böyük bir qəhrəmanlıqdır: “İlk olaraq onu deyim ki, bütün çətinliklərə baxmayaraq, bu il də mövcudluğumuzu saxlaya bildik. Bu da bizim üçün olduqca böyük hadisədir. Yaranmış vəziyyətdə bunun özü böyük bir qəhrəmanlıqdır. Bununla yanaşı qəzetimizlə bağlı çoxlu sayda problemlər yaradıldı. Amma şükürlər olsun ki, çətinliklə də olsa qəzetimizin mövcudiyyətini qoruya bildik. Biz bu il də hökumətin bizə qarşı sərt münasibətinin şahidi olduq. Həbslərdən tutmuş, yayım arealının məhdudlaşdırılmasınadək bir çox sahələrdə bunu hiss etdik. Təəssüflər olsun ki, 2015-ci ildə nikbin əhavl-ruhiyyə ilə danışmağa heç bir əsasım yoxdur. Məncə üzümüzə gələn il daha da çətin olacaq”. /

Google+ WhatsApp ok.ru