6 ayın yekunu - iqtisadçı bədbindir

6 ayın yekunu - iqtisadçı bədbindir

"Yeni Müsavat" qəzeti "İlin ilk yarısının əsas iqtisadi yekunu"na nəzər salıb.
 
Məqalədə 2017-ci ilin 6 ayının iqtisadi hadisələr baxımından çox gərgin və dinamik keçdiyi qeyd olunur.
 
Qəzetə danışan iqtisadçı ekspert Natiq Cəfərli bu ilin ilk 6 ayındakı iqtisadi prosesləri ötən ilin 6 ayı ilə müqayisə edərək bəzi nəticələri bölüşür:
"Pozitiv olan budur ki, Ümumi Daxili Məhsulda (ÜDM) azalmanın tempi aşağı olub, yəni, keçən il azalma 1.3 faiziydisə, bu il 0.9 faiz oldu. Amma bunun özü də ölkə iqtisadiyyatı üçün kifayət qədər problemlidir, çünki iqtisadiyyat kiçilməkdə davam edir".
 
Manatın 1.70 civarında sabitləşməsindən danışan ekspert deyir ki, bu sabitləşmə iqtisadi aktivliyin azalması, real sektorun zəifləməsi, bankların kreditləşməni tamamilə dayandırması hesabına əldə edilib.
 
N.Cəfərli hesab edir ki, bu il bank sektoruna ən böyük zərbəni Beynəlxalq Bank vurdu:
"Bu, ölkənin iqtisadi imicinə də zərbə oldu və hazırda gedən proseslərin neqativə doğru dəyişəcəyi haqqında beynəlxalq aləmdə bir fikir yaratdı".
 
Ekspert qarşıdakı 6 aylıq dövr barədə də nikbin danışmayıb:
"Ötən ilin ilk 6 ayı ilə müqayisədə iqtisadiyyatın daralması davam edir, iqtisadi aktivlikdə, xarici ticarətdə ciddi bir dəyişiklik yoxdur, bir çox iqtisadi göstəricilərdə azalma var, neftin qiyməti ilə paralel hasilatın azalması çox ciddi siqnaldır".

Google+ WhatsApp ok.ru