9 ay əvvəl itkin düşəni tapmaq istəyən yoxdur

9 ay əvvəl itkin düşəni tapmaq istəyən yoxdur

Nə ölüsündən xəbərimiz var, nə dirisindən… Polis deyir, “axtarırıq”. O boyda insan, iynə deyil ki, yerə düşə, tapılmaya… Kiçik bir ölkədə 9 aydır o boyda insanı tapa bilmirlər”
 
Ailə üzvləri 9 aydır ki, 31 yaşlı Araz Rəsulovun yolunu gözləyir.
 
İki övladı olan Ağsu rayonunun Qaraqaşlı kənd sakini Araz Rəsulov ötən il noyabrın 3-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. Ailəsi onu güman gələn bütün yerlərdə soraqlayıb, tapmayıb. Polisə müraciət də bu 9 ayda müsbət nəticə verməyib.
 
“Araz ölkədən çıxa bilməzdi, çünki xarici pasportu yox idi. Ölkə daxilində isə araşdırmadığımız, baş vurmadığımız ünvan qalmayıb”, – Araz Rəsulovun həyat yoldaşı Leyla xanım bunu deyir.
 
Onun sözlərinə görə, hər gün içki qəbul edən həyat yoldaşı evdən çıxanda “işə gedirəm” deyib:
“Şəxsiyyət vəsiqəsi də, telefonu da evdə qalıb. Nədənsə, gedəndə özü ilə götürməyib. Halbuki, həmişə üstündə gəzdirərdi. Səhər o başdan evdən çıxıb. Dedi, “işə gedirəm”. Ondan sonra üzünü görmədik”.
 
Araz Rəsulov muzdlu fəhlə olub. Ailəsinin deməsinə görə, gündəlik qarşısına nə işi çıxırsa, imtina etməyib. Ancaq ailəsinin iddiasına görə, qazancının çox hissəsini elə fəhlə yoldaşları ilə xərcləyib. Həyat yoldaşı Araz Rəsulovun yoxa çıxmasında da elə fəhlə yoldaşlarından şübhələnir:
“Evdə aramızda elə bir ciddi problem yox idi. Bircə aradabir deyirdik ki, “ay Araz, qazancını evə də gətir, iki uşaq böyüdürük”. Fəhlə yoldaşları deyirlər ki, onu sonuncu dəfə günorta saat 1 radələrində görüb. Ondan sonra hara getdiyini bilmirlər. Biz isə deyirik ki, polis üstünə düşsə, bu işi açar. Azca o fəhlə yoldaşlarını sıxsalar, Arazın başına gələnləri bir-bir deyər”.
 
Ağsu rayon polis şöbəsindən bildiriblər ki, ailə üzvləri Araz Rəsulovun yoxa çıxması ilə bağlı ərizə ilə müraciət edəndən sonra onun axtarışına başlanıb:
“Ailə üzvlərindən izahatlar alınıb, bütün şübhələr yoxlanılıb, Araz Rəsulovun fəhlə yoldaşları, onu sonuncu görənlər də izahat verib”.
 
Polis şöbəsindən deyiblər ki, Araz Rəsulovun axtarışları və araşdırmalar davam edir. (azadlig.org) /

Google+ WhatsApp ok.ru