Əli Həsənov: İranla aramızda sual doğuracaq heç bir məqam qalmayıb

Dünən xəbər vermişdik ki, İsrailin Mossad təşkilatına yaxınlığı ilə tanınan "Debka" saytı İran ərazisində vurulmuş təyyarənin Azərbaycandan qalxdığı barədə məlumat yayıb.
 
Məsələyə münasibət bildirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, bu, bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır: İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə öz münasibətlərini qarşılıqlı etimad, səmimilik, dostluq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurub. Bu ilin aprelində Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri yüksək səviyyədə keçmiş, qonşu ölkənin rəhbərləri ilə görüşlərdə ikitərəfli münasibətlər kompleks şəkildə müzakirə olunub, əvvəlki dövrdə mövcud olan bütün problemlərə aydınlıq gətirilib və sual doğura biləcək heç bir məqam qalmayıb. Görünür belə vəziyyət bəzi xarici dairələri narahat edir və bu tipli informasiyalar Azərbaycanın qonşuları ilə, o cümlədən İranla münasibətlərini korlamaq üçün bilərəkdən dövriyyəyə buraxılır. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycan üçün dost İran dövlətinin ərazisində xüsusi maraq kəsb edən,  axtaracağı heç bir şey yoxdur və bu informasiya növbəti təxribat cəhdindən başqa bir şey deyildir. Virtualaz.org

Google+ WhatsApp ok.ru