“Leyla Yunusu saçından tutub, sürüyüblər, döyüblər” - vəkillərin bəyanatı

Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov Leyla Yunusun kamerasına gəlmiş, onun qolunu buraraq kameradan çıxarıb...

 
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun vəkillərinin bəyanatı yayılıb. Bəyanatda qeyd olunur ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. 
Sitat: “Nəhayət üçüncü cəhdə vəkillər Leyla xanımla görüşə biliblər. Leyla xanımın bildirdiyinə görə, son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından Leyla xanım soyuq su ilə çimməli olmuş, bunun nəticəsində bərk soyuqlamışdır. Bir neçə gün qızdırmalı yatmalı olmuşdur. Bu durumuna baxmayaraq, ona heç bir tibbi yardım göstərilməmişdir.  Leyla xanım, qızdırmalı yatdığı halda, bazar günü onun kamerasında “şmon” keçirilmiş və nəzarətçilər ciddi şəkildə hər hansı yazılar axtarmışlar. 
Axtarışdan sonra, Leyla xanımın yaxınları ilə telefon ünsiyyət hüququna bir aylıq qadağan qoyulmuşdur. Leyla xanım bildirməsinə görə, bu həftənin 1-ci və 2-ci günü bərk qızdırması olduğundan və yeriməyə halı olmadığından vəkillər Xalid Bağırov və Elçin Qəmbərovla görüşə çıxa bilməmişdir.
Leyla xanım onu da, bildirmişdir ki, dünən günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov kamerasına gəlmiş, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparmış, orada saçından tutub yerə yıxmış və yerdə sürümüşdür. Bu zaman ona, “ağıllanmırsan da, sən?” deyə bağırmışdır. Bundan sonra onun böyründən zərbələr endirmişdir.
Müvəkkilin saçının yolunmuş olmasını vəkillər də müşahidə etmişlər. Leyla Yunusun vəkilləri olaraq bu yaranmış durumun biabırçılıq və yolverilməz olmasını bildirir və aidiyyəti orqanlardan bu təxirəsalınmadan araşdırma aparmasını, təqsirli şəxslərin cəzalandırılmasını və Leyla Yunusa təcili müvafiq yardım göstərilməsini tələb edirik. Beynəlxalq Qırmızı Xaçın Bakıdakı nümayəndələrindən Leyla Yunusun Təcridxanada yoluxulmasını rica edirik”. 
Müraciəti vəkillər: Elçin Qəmbərov; Fariz Namazlı; Cavad Cavadov; Xalid Bağırov, Əlayif  imzalayıb. 
Qeyd edək ki, bir qədər əvvəl müsavat.com saytında Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun döyülməsi haqda xəbər verilib. Xəbərdə qeyd olunur ki, adını çəkilməsini istəməyən mənbə hüquq müdafiəçisi həbsxana əməkdaşı tərəfindən döyülüb. Həmin əməkdaşın kişi cinsinə mənsub olduğu və mayor rütbəsi daşıdığı iddia edilir. Məlum olduğu kimi, Leyla Yunus son günlər vəkilləri ilə əlaqəyə çıxmırdı və görüşə gələ bilmədiyi xəbərini göndərirdi. musavat /

Google+ WhatsApp ok.ru