“Neftayırma zavodlarından 400 nəfərə yaxın işçi ixtisara düşəcək”

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (ARDNŞ) növbəti ixitsarlar olub. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 37 qadın işçisinin müqaviləsi bu günlərdə ləğv edilib. İxtisar Qaz Analitika Laboratoriyasının işçilərinə tətbiq olunub. İşdən çıxarılan neftçilərə maaşlarının 5 misli həcmində kompensasiya veriləcəyi deyilib.
 
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, ilin axırınadək ixtisara düşənlərin sayı artacaq: “Azərbaycanda neftayırma zavodlarından 400 nəfərə yaxın işçi ixtisara düşəcək. Təbii ki, zavodlarda işləyənlərin əksəriyyəti qadınlardır. Bu baxımdan da ixtisara düşənlərin əksəriyyəti qadınlar olacaq. İxtisara düşən qadınların heç birini yenidən işlə təmin etmirlər. Artıq onların əksəriyyətinə xəbərdarlıq verilib. Düşünürəm ki, ilin axırınadək ixtisara düşənlərin sayı artacaq.
 
Neftayırma zavodlarından ixtisar olunanların sayının artmasının bir səbəbi də Neft Şirkətində işə qəbul prosesinin dayandırılmamasıdır. Əslində bu prosesə qadağa qoyulmuşdu. Amma il ərzində köməkçi sexlərin vasitəsi ilə işçılərin qəbulu həyata keçirilirdi. Yardımçı sexlər vasitəsi ilə işə götürülən işçilər, sonradan isə ayrı-ayrı şöbələrə qəbul edirdilər. Bu proses ən çox Bakı Neft Emalı zavodunda baş verib. İşdən çıxarılan qadınların elə yaşlarıdır ki, artıq onlara iş tapmaq da çətin olacaq”./

Google+ WhatsApp ok.ru