“Yox cavabı pozulmuş hüquqların bərpası, vəziyyətdən çıxış yolu deyil”

Hakimiyyət AİP üzvlərinin, inanclı insanların coşqusundan çəkindi. AİP-in sədr əvəzi Hacı Elçin Manafov Bakı Şəhər İcra Hakimiyyətinin mitinq təşkilatçılarının kütləvi aksiya keçirmək üçün etdikləri müraciətə verdiyi mənfi cavabı müzakirə edərkən belə deyib.
 
Maide.az-ın AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhər meriyasının İslam Partiyasına mitinq üçün qoyduğu qadağanın “buzu” ərimək bilmir. Siyasi qurumun səlahiyyətliləri mitinq təşkilatçılarının 5 noyabr 2014-cü il tarixdə etdiyi müraciətə  “yox” cavabının verilməsinin əsas səbəbi kimi hakimiyyətin aksiyanın geniş miqyas ala biləcəyindən çəkinməsini göstəriblər.
 
Müzakirələr zamanı aydın oldu ki, İcra Hakimiyyətinin səbəb kimi göstərdiyi arqument məntiqə uyğun deyil. Belə ki, cavabda bildirilib ki, eyni tarixdə və həmin yerdə digər toplantının keçirilməsini nəzərə alaraq AİP-in planlaşdırdığı mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.
 
 “Əslində bu, quruma aksiya keçirməkdə mane olmaq üçün əvvəlcədən ssenariləşdirilmiş bir məsələdir”-deyə, AİP siyasi şöbəsinin rəhbəri A. Heydərli bildirib.
 
İslamçılar partiyaya qarşı qərəzli münasibəti demokratik prinsiplərə zidd, islamafobiyanın amili kimi qiymətləndiriblər. Siyasi qurumun səlahiyyətliləri mitinq keçirməkdə israrlı olduqlarını, kütləvi aksiyalarda xalqa haqq sözlərini çatdırmağı, şərlənərək həbs olunan partiya rəhbəri M. Səmədovun və digər inanclı məhbusların azad olunması tələbini vəzifə kimi qarşılarına qoymuşlar. 

Google+ WhatsApp ok.ru