“Deyəsən, “Azadlıq”ı indi də bu yolla qapatmaq istəyirlər”

Dekabrın 16-da parlament “KİV haqqında” qanuna dəyişikliyi nəzərdə tutan yeni layihəni müzakirəyə çıxaracaq. Layihəyə görə, il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
    
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli “Media forum” saytına açıqlamasında bildirib ki, o, yeni layihənin parlamentdən keçəcəyinə şübhə etmir: “Son illərdə təkcə “KİV haqqında” qanuna yox, əksər qanuna mürtəce dəyişiklik edilib. Bu proses davamlı xarakter alıb. Dekabrın 16-da parlamentin müzakirəyə çıxaracağı və şübhə etmirəm ki, qəbul edəcəyi layihə də bu saradandır.
 
Bir az təvazökarlıqdan uzaq səslənsə də, deyim ki, “KİV haqqında” qanunun sərtləşdirilməsi üçün parlamentə verilən yeni layihəni daha çox “Azadlıq”a ünvanlanmış bir layihə sayıram. Bəllidir ki, “Azadlıq” qəzetinə qarşı son vaxtlar ardıcıl basqılar edilir, qəzetin satışı əngəllənir, üstəlik, satışdan əldə olunan külli miqdarda vəsaiti yayım firmasından ala bilmirik. “KİV haqqında” qanuna təklif edilən növbəti dəyişiklik göstərir ki, deyəsən, “Azadlıq”ı indi də bu yolla qapatmaq istəyirlər. Belə davam etsələr, yəqin ki, istədiklərinə nail olacaqlar da”.
 
Dəyişikliyin başqa media qurumlarının fəaliyyətinə hansı təsir göstərə biləcəyi haqda suala cavabında Rövşən Hacıbəyli deyib ki, ölkə mediası illərdir iflic vəziyyətindədir: “Alınan alınıb, satılan satılıb. Medianın müstəqilliyindən demək olar ki, əsər-əlamət qalmayıb. Əksər media orqanı hakimiyyətin nəzarəti altına keçib, bir mərkəzdən idarə olunan vəziyyətə gəlib çıxıb. Tək-tək qalalar qalıb ki, onu da bu yolla susdurmaq istəyirlər”.

Google+ WhatsApp ok.ru