“Benzinin qiymətinin aşağı düşməsi gündəmdədir” - DEPUTAT

“Hazırda xaricdən alınan benzinin qiymətinin aşağı düşməsi məsələsi gündəmdədir”.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli deyib.

O bildirib ki, buna səbəb xaricdən ölkəyə gətirilən benzinin qiymətinin aşağı düşməsidir: “Aİ95 və Aİ98 markalı benzinin qiymətini Tarif Şurası müəyyn eləmir. Ona görə də dünya bazarında neftin qiymətinin aşağı düşdüyü hazırkı şəraitdə, bir sıra ölkələrdə benzinin qiyməti ucuzlaşıb. Buna görə də xaricdən alınan benzinin qiymətinin aşağı düşməsi məsələsi gündəmə gəlib”.

Ölkədə istehsal edilən benzinin qiymətinə gəlincə isə Əli Məsimli bildirib ki, Azərbaycanda istehsal olunan Aİ 92 markalı benzinin qiymətinə dünya bazarındakı neftin qiyməti də müəyyən dərəcədə təsir edir. Əsas təsiri isə aksiz və vergilər göstərir.

Deputat qeyd edib ki, Azərbaycanda istehsal olunan Aİ 92 markalı benzinin qiyməti dünya bazarından asılı deyil: “Çünki həmin növ benzinin qiymətində neftin maya dəyəri oturur və onun da payı çox azdır. Sonra gəlir emal xərcləri, daşınma və satış xərcləri, Dövlət Neft Şirkətinin və eləcə də benzin doldurma məntəqələrinin mənfəəti və sair. Bütün bunlar həmin növ benzinin qiymətinin az hissəsini təşkil edir. Benzinin qiymətində əsas yeri mədən vergisi, aksiz, əlavə dəyər vergisi, mənfəəət vergisi və sair tutur. Ona görə də ölkədaxilində istehsal olunan benzinin qiymətinə dünya bazarında neftin qiyməti müəyyən dərəcədə təsiri olsa da, əsas təsir aksiz və vergilərlə olur. Tarif Şurası bu məsələyə baxa bilər”. /

Google+ WhatsApp ok.ru