“Mövsüm Səmədovun həbsi islamçıların nüfuzunu daha da artırdı”

Ötən gün Azərbaycan İslam Partiyasının (AİP) qərargahında AİP lideri Hacı Mövsüm Səmədovun həbsinin 4-cü ildönümü ilə əlaqədar mətbuat konfransı keçirildi. Konfransda partiya rəhbərliyi ilə yanaşı, respublikada fəaliyyət göstərən bir sıra ictimai-siyasi qurumların rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, ilahiyyatçılar və mətbuat işçiləri iştirak edirdilər.
 
   Tədbirin aparıcısı, AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli konfransı açaraq, 4 il əvvəl - 2011-ci il yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun məlum çıxışını xatırlatdı. Və dedi ki, Hacı Mövsümün həbsinə səbəb də məhz ölkədəki duruma, ictimai-siyasi vəziyyətə, İslamafobiya, rüşvətxorluq və korrupsiya hallarına, insan hüquqlarının pozulmasına, inanclı kəsimə qarşı təqib və təzyiqlərə verdiyi dolğun qiymət oldu: “Əlbəttə, bu bir bəhanə idi. Hacı Mövsüm və digər İslamçı liderlərin, ilahiyyatçı alimlərin həbsi çoxdan planlaşdırılırdı. Sözügedən çıxış, sadəcə, bəhanə idi. Hacı Vaqif Abdullayevin həbsxanada dünyasını dəyişməsi, Abgül Süleymanovun, Taleh Bağırovun, Elşən Mustafaoğlunun və digərlərinin həbsi də belə insanların cəmiyyətdən təcrid olunmasına hesablanmışdı. Bütün bunlar sionizmin sifarişi idi, xanicdən diktə olunurdu. Və elə indi də həbsxanada onlara qarşı ayrı-seçkilik edilir, barələrində müxtəlif cəza tədbirləri görülür, bir cəzaçəkmə müəssisəsindən digərinə köçürülür və s.”.
   A.Heydərli daha sonra sonuncu əfv fərmanına toxunaraq qeyd etdi ki, bu siyahıda tanınmışların, ölkə ictimaiyyətinin ilk növbədə azadlıqda görmək istədiyi, bunun üçün tələb irəli sürdüyi adamların adlarının yer almaması ABŞ-ın, Qərb dövlətlərinin də marağında idi. Biz günahsız, qondarma ittihamlarla həbs olunan bu insanların azadlığı üçün dəfələrlə beynəlxalq təşkilatlara, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə müraciət etmişik. Buna baxmayaraq nə Hacı Mövsümün, nə də onun kimi günahsız həbs olunan digər İslamçıların azad edilməsi məsələsinə ən yaxşı halda biganə qaldılar. Biz hesab edirik ki, M.Səmədovun, adlarını qeyd etdiyimiz başqa ilahiyyatçıların heç bir təqsiri olmadığı halda əfv diləməsi bütövlükdə cəmiyyətimizə, xalqın mənəviyyatına ağır zərbə olardı. Həmin adamlar özləri də bunu əsas tutaraq, əfv diləmək fikrində deyillər. Vətənini sevən bu adamların vətənə xəyanət maddəsi ilə suçlanması gülüncdür. Amma İslamçı qardaşlarımızın həbsi bizi heç cür rahat buraxa bilməz. Biz onların azadlığı üçün bundan sonra da qanun çərçivəsində əlimizdən gələni edəcəyik”.
 
   Daha sonra çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov da diqqəti M.Səmədovun 4 il əvvəlki çıxışına yönəldərək dedi ki, onun həbsindən bu qədər vaxt keçməsinə baxmayaraq, yeri hələ də görünür. E.Manafov hesab etdiyini bildirdi ki, AİP liderini həbsinə qərar verməklə, onu cəmiyyətdən təcrid etməyə çalışırdılar: “Ona qarşı qərəz indi də davam etməkdədir. Amma hər şey əksinə oldu, Hacı Mövsümün həbsi onun nüfuzunu gündən-günə artırdı, ümumxalq məhəbbəti qazandırdı. Biz AİP olaraq bundan sonra da onun və digər İslamçı məhbusların müdafiəsini təşkil etməli, azadlığı qovuşmasına nail olmalıyıq”.
 
   Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bütövlükdə AİP-in fəaliyyətinə toxunaraq qeyd etdi ki, bu qurum özünün fədakarlığı, vətən yolunda, mənəvi dəyərlərin qorunması uğrunda canını fəda etməsi ilə həmişə diqqət mərkəzində olub: “AİP həmişə bu müqəddəs yükü çiynində daşıyıb. Bəs, İslamçılar nəyə görə təzyiqlərə məruz qalırlar? Bunun sadə bir izahı var: onlar Azərbaycanın maraqlarını heç kimə, heç bir dövlətə, beynəlxalq təşkilata güzəştə getməyiblər. AİP ümumiyyətlə Azərbaycan insanının ədalətsiz ittihamlarla həbsinə göz yummur, biganə qalmır. Hacı Mövsüm 4 il əvvəlki çıxışı ilə yaddaşlarda, ölkə tarixində iz qoydu. Həmin çıxış onun özü ilə bərabər, eyni zamanda AİP-in də nüfuzunu artırmış oldu”.
 
   Həbsdəki İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Natiq Kərimov isə həlli vacib olan məsələni - İslamçıların, ilahiyyatçıların vəhdətinin təşkili məsələsini önə çəkdi: “İnsan hüquqlarının pozulmasına qarşı mütəmadi, qətiyyətli fəaliyyət göstərənlər yeganə olaraq İslamçılardır. Biz tanınmış ilahiyyatçılarla, din alimləri və hüquq müdafiəçiləri ilə birgə işləməli, onların vəhdəti istiqamətində işlər görməliyik. Müxtəlif nüfuzlu təşkilatlara müraciətlərimizdə də onlardan istifadə olunmalı, belələrinin iştirakı ilə konfrans keçirilməlidir”.
 
   AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova diqqəti insan hüquqlarının pozulmasına yönəldərək, Azərbaycanın bu sahədə çox acınacaqlı durumda olduğunu vurğuladı: “Əlbəttə, məscid inşa etmək savabdır, yaxşı əlamətdir. Amma məscid tikintisi ilə günahsız İslamçıların, İlahiyyatçıların həbs olunması bir araya sığmır, bir-biri ilə ziddiyyət təşkil edir. Əgər Allah evi inşa edən səlahiyyətli şəxslər bunda səmimidirlərsə, onda həbsxananın qarşısına gedib Mövsüm Səmədov və digər günahsız İslamçıları azadlığa buraxmalıdırlar”.
 
   AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vüqar İbayev isə təəssüf hissi ilə qeyd etdi ki, hamı bir-birini vəhdətə səsləsə də, bu istiqamətdə ciddi addım atılmır: “Biz AİP olaraq M.Səmədovun hüquqlarının müdafiəsi, onun azadlığa çıxması üçün bütün addımları imkan daxilində atmışıq. Bundan sonra da atacağıq. Amma doğrudan da təəssüf ediləsi haldır ki, lazımi effekt verə biləcək vəhdətə hələ də nail ola bilməmişik. Belə bir deyim var: mömin möminin qardaşıdır. Bu mənada əgər möminlər doğrudan da qardaşlarının həbsdə olmasından ciddi narahatlıq keçirsələr, onda Hacı Mövsümün də, digərlərinin də müdafiəsinə can atarlar”.
 
   AİP Xətai rayon komitəsinin sədri Üzeyir Heydərli də ölkədəki təqib və təzyiqləri, İslamofobiyanı pisləyərək dedi ki, Azərbaycan hakimiyyəti repressiyanı dövlət siyasətinə çevirib. Onun sözlərinə görə, fərqli düşünənlərə, sağlam tənqidə görə təqiblər, repressiyalar dövlətin, dövlətçiliyin özünə zərərdir və bütün istiqamətlərdə ölkənin inkişafını ləngidir: “Sağlam müxalifətin, siyasi institutların olmadığına görə, bu gün ərəb ölkələri çalxalanır, xarici təzyiqlərə, işğalçıların hücumlarına məruz qalır. Bu baxımdan ölkə hakimiyyətinin “güclü müxalifət yoxdur” deyib sevinməsi təəssüf doğurur. Və mən hesab edirəm ki, sonuncu əfv fərmanı əslində, Avropa Şurasının qarşıdan gələn qış sessiyası ilə bağlıdır. Hakimiyyət bununla özünə qarşı təzyiqləri aradan qaldırmağa çalışır. Sonda isə onu demək istəyirəm ki, bu gün Hacı Mövsümün qapısını döyürlərsə, deməli, sabah da bizim qapını döyəcək, həbs edəcəklər. Ona görə də həmişə vəhdətdə olmalıyıq”.
 
   AİP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Fəyyaz Nəbizadə də M.Səmədovun nahaqdan, şərlənərək həbs olunduğunu vurğuladı. Və dedi ki, Hacı Mövsüm məhz ağıllı, ziyalı, təqvalı olduğu üçün həbs edilib: “Amma mən də düşünürəm ki, onu həbs etməklə İslamçıların ölkədəki nüfuzunu bir qədər də artırdılar”.
 
   Daha sonra AİP Gənclər Təşkilatının sədri Vüqar Abdullayev, təşkilatın üzvü Rəşad Dadaşov, fəal İslamçı Elyar Nəzərov və digərləri də çıxış edərək öz fikirlərini bildirdilər.
Tədbirin sonunda ölkənin tanınmış ilahiyyatçılarına, din alimlərinə müraciət olunaraq, qeyd edildi ki, həbs olunan İslamçıların, ilahiyyatçıların hüquqlarının qorunması, nəhayətdə azadlığa qovuşması üçün onların fəallığı, vəhdəti zəruridir.islaminsesi /

Google+ WhatsApp ok.ru