“Bu cür sürücülərə qarşı reydlər davam edəcək”

 
“Yükdaşıma qaydalarının pozulması ilə əlaqədar xəsarət alan varsa, təbii ki, həmin nəqliyyat vasitələrinin sürücüsü məsuliyyətə cəlb olunur”.
 
Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ağırtonnajlı maşınların yükdaşımasının tələblərindən danışarkən qeyd etdi.
 
V.Əsədov açıqlamasında bildirdi ki, qanunla tikinti materiallarının daşınması ilə əlaqədar tələblər var:
 
“Yüklərin qablaşdırılmadan daşınmasına görə sürücü məsuliyyət daşıyır. Bu cür sürücülər aşkar olunduqda tərəfimizdən inzibati qaydada cərimə tətbiq olunur. Ötən il olduğu kimi, 2015-ci ilin əvvəlindən də artıq biz bu cür sürücülərə qarşı reydləri davam etdiririk. Belə ki, ilin əvvəlindən bu tip 100-dən artıq sürücü aşkar edilərək məsuliyyətə cəlb olunub”.
 
Müsahibimizin sözlərinə görə, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan sürücülər daşıdığı yüklərin təyinatına uyğun hərəkət etməlidir:
 
“Bakı şəhəri ərazisində yük maşınlarına müddət, eyni zamanda onların hərəkətinə icazə verilən yollar göstərilməklə buraxılış vərəqələri verilir. Məhz bu təyinat üzrə həmin nəqliyyat vasitələri strateji əhəmiyyətli tikintilərdə çalışır. Eyni zamanda, təhlükəli yüklərin daşınması üçün xüsusi marşrut var ki, həmin marşrut üzrə yük maşınlarının hərəkəti tənzimlənir”.
 
V.Əsədov onu da qeyd etdi ki, qanuna əsasən, bu tip nəqliyyat vasitələri paytaxta günün qaranlıq vaxtlarında – gecə 21:00-dan gündüz 8:00-dək daxil ola bilərlər:
 
“Yükdaşıma qaydalarının pozulması ilə əlaqədar xəsarət alan varsa, təbii ki, həmin nəqliyyat vasitələrinin sürücüsü məsuliyyətə cəlb olunur. Tikinti materiallarının daşınması təkcə fiziki və hüquqi şəxslərə maddi ziyan vurmur, eyni zamanda ekologiyaya ciddi təsir göstərir, ətraf mühiti çirkləndirir. Bir daha qeyd edirəm ki, bu cür halların baş verməsinin məsuliyyəti sürücülərin üzərinə düşür”.
 
Xatırladaq ki, son zamanlar ölkə ərazisində ağırtonnajlı maşınların qanun pozuntusuna tez-tez rast gəlinir. Hətta Baş prokuror Zakir Qaralov 2013-cü ildə Ali Məhkəmənin Plenumundakı çıxışında mövzuya toxunaraq deyib:
 
“Ağır tonnajlı maşınların çınqıl, qum, tikinti materialları daşıması ilə bağlı baş nazirə də müraciət etmişik. Bildirmişik ki, bunlar dəmir yolu vasitəsi ilə daşınsın, çünki yol qəzalarına səbəb olur”. /

Google+ WhatsApp ok.ru