“Həbsxanalardakı dükanlara nəzarət edən yoxdur”

Məmməd Zeynalov bu mağazaların Penitensiar Xidmətə məxsus olduğunu deyir; Tural Abbaslı: “Həbsxanalarda biznes formalaşıb”

Azərbaycanda manatın ucuzlaşmasından sonra həbsxanalardakı mağazalarda da qiymətlərin artması barədə xəbərlər yayılıb. Məlumatda qeyd olunur ki, həbsxana daxilində zəruri tələbat mallarının, xüsusilə çörək və siqaretin qiyməti 20 qəpik artıb. 
 
Cəzaçəkmə müəssisələrindəki qiymətlər hər zaman bayırdakı qiymətlərdən ciddi şəkildə fərqlənib. Həbsxanada yeməyin keyfiyyətsiz olması məhbusları daxildə satılan gündəlik zəruri tələbat məhsullarından istifadə etməyə məcbur edir. 
 
Qiymət artımı ilə bağlı 14 saylı “zon”da cəza çəkən Müsavat başqanının müavini Yadigar Sadıqov ailəsi ilə görüşü zamanı məlumat verib. O qeyd edib ki, cəza çəkdiyi yerdə çörəyin qiyməti 60 qəpiyə qalxıb.
 
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalovun cəzaçəkmə müəssisələrindəki dükanlar barədə fikirlərini öyrəndik. Sabiq rəis bu cür satış obyektlərinin məxsus olduğu aidiyyəti orqanın adını açıqladı: “Cəmiyyətin bir hissəsi kimi, artım cəzaçəkmə müəssisələrinə təsirsiz ötüşməyəcək. Hər zaman bayırdakı qiymətlərlə həbsxana daxilindəki qiymətlər arasında 40-50% fərq olub. Orada bütün mallar baha satılır. Məhbuslar arasında yeməkxanada yemək yeyən dustağa yaxşı baxmırlar. Həmin məhbusları kasıb hesab edirlər. Müəssisədə 1000 məhbus varsa, onun 200-300-ü yeməkxanadan istifadə edir. Qalanları orada yemək yeməyi şəxsiyyətlərinə sıxışdırmırlar. Dükançılar ştatda olan işçilərdir. Həbsxanaların mərkəzi bazaları var. Malların əksəriyyəti bu bazalardan gətirilir. Bu satış yerləri Penitensiar Xidmətə məxsusdur”.
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat"a həbsxanalarda qiymətin artdığına inanmadığını bildirib: “Müəssisələrdə çörək və digər məhsulların qiyməti artmayacaq. Həbsxanada hər şey var. Məhbuslar istədiklərini alırlar. Qiymətlərdə fərq ola bilər. Amma ciddi fərq yoxdur. Yaxınlarda bu barədə söhbət oldu. Dedilər ki, həbsxanalarda qiymət artmayacaq”.
 
Keçmiş vicdan məhbusu Tural Abbaslı “zon”larda fəaliyyət göstərən dükanlardakı qiymətlərin bayırdan dəfələrlə çox olduğunu söylədi: “Həbsxana daxilində adətən bir dükan olur. Rəqabət-filan olmur. Məhbuslar məcburən həmin dükandan istifadə edirlər. Burada gündəlik ərzaq məhsulları satılır. Belə məhsulların qiyməti bayırdan qat-qat yüksək olur. Əminəm ki, indiki vəziyyətdən istifadə edib, həmin dükanlar qiymətləri qaldırıblar. Bu dükanlara nəzarət yoxdur, rəis və satış obyektini işlədən şəxsin ümidinə qalır. Satılan məhsullardan rəisə faiz verilir. Bu dükanlar Penitensiar Xidmətdə qeydiyyatdan keçmir. Hətta məhbuslar üçün bayırdan gətirilən bəzi məhsullar qadağan edilir. Hansı ki, həmin məhsullar orada satılır. Bir yerdə 600-700 məhbus varsa, orta hesabla dükana ayda 20-30 min pul vəsaiti daxil olur. Burada rəislərin böyük pay bölgüsü olur. Dükan sahibləri məcbur olub, həm öz xeyirlərini, həm də rəislərə çatacaq məbləği məhsulların üzərinə qoyurlar. Penitensiar Xidmətin bununla bağlı nəzarəti, mərkəzləşmiş idarə sistemi yoxdur. Bəzi yerlərdə bəzən məhbusların etirazı ilə qiymətlər 10-20 qəpik azalır. Bu qəpiklər məhbuslar üçün çox dəyərli olur”.
 
Səslənən iddialarla bağlı Penitensiar Xidmətin mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. 

Google+ WhatsApp ok.ru