“Yas mərasimi bitdikdən sonra ailəliklə gəlib Prezident Administrasiyasının qarşısında özümüzü yandırıb intihar edəcəyik”

“Yas mərasimi bitdikdən sonra ailəliklə gəlib Prezident Administrasiyasının qarşısında özümüzü yandırıb intihar edəcəyik”.

Maide.az-ın məlumatına görə, bu sözləri modern.az saytına mayın 19-da Cəlilabad rayon Polis Şöbəsinin qarşısında özünü yandırmaqla öldürən Qarabağ müharibəsinin və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Mürsəlovun qardaşı Mirkamil Mürsəlov deyib.

O bildirib ki, qardaşının bu addımı atmasına səbəb onun rayon Polis Şöbəsi və prokurorluq tərəfindən hüquqlarının pozulması olub: “2013-cü ildən qardaşımı müxtəlif vaxtlarda döyüblər. Onun müraciət və şikayətlərinə hər dəfə rədd cavabı veriblər. Sonuncu dəfə kimsə onu təhqir edib. Bu hadisəni hələ araşdıra bilməmişəm. O, Polis Şöbəsinə şikayət edib, polis onu rədd edib. Qardaşım da deyib ki, “sizin kimi insanlarla üz-üzə gəlməkdənsə, ölmək yaxşıdır”.

Mayın 20-də qardaşımın cənazəsini gətirib gecə ilə dəfn etmişəm. Cəlilabad rayonunda bizim ailəyə qarşı soyqırımı siyasəti həyata keçirirlər, ailəmiz təqib olunur. Halbuki, bu vətənin, bu torpağın ərazi bütövlüyünü qorumaq üçün iki oğlumuzu şəhid vermişik. Müstəqilliyimizin əldə olunması üçün 1990-cı ilin 20 yanvar hadisələrində əliyalın düşmənin qarşısına çıxmışıq. Bizim kimi insanlara niyə rayonda yer yoxdur?

Əlimdə aprelin 29-da yazılan və qardaşıma sonuncu dəfə Cəlilabad rayon Prokurorluğundan gələn məktub var. O məktubda göstərilir ki, qardaşımın hansı şikayətləri necə rədd olunub. Həkim də, polis də kağız verib ki, qardaşımı vurublar. Bəs niyə heç bir tədbir görülməyib?”.

Mirkamil Mürsəlov onu da əlavə edib ki, mərhum qardaşı 1962-ci il mayın 25-də Cəlilabad rayonunda dünyaya gəlib: “Bir oğlu, bir qızı, üç nəvəsi var. Hadisə baş verən gün qardaşımın oğluna cinayət işi açıblar. O, atasının cansız bədənini Polis Şöbəsinin həyətindən götürməyə gedib. Oğlu atasının yanmış bədənini görəndə orda qışqırıb, hay-küy salıb. Deyirlər ki, “sən gəlib Polis Şöbəsində xuliqanlıq etmisən, polisi təhqir etmisən, polis işçilərinə hücum çəkmisən”. Mən də atamın meyitini lap prezidentin yanında görsəm, hay-küy salaram. Buna görə qardaşım oğluna polisi təhqir etmə və xuliqanlıq maddəsi ilə cinayət işi açıblar”.

Mayın 19-da Cəlilabad rayon Polis Şöbəsinin qarşısında özünü yandıran Qarabağ müharibəsinin veteranı və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Mürsəlova özünü öldürmə faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hələ ki saxlanılan yoxdur.

İddialara görə, Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganə yanaşması olub.

Mərhum mayın 20-də Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru