​İCRA BAŞÇILARINI BİRLƏŞDİRƏN DƏYƏR

«Bizim yol» yazır: ««Dizayn Construction» bir ildə 73 tenderi necə udub?».
 
«Bizim Yol» Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitin necə xərclənməsini araşdırıb. Bu zaman məlum olub ki, icra hakimiyyəti abadlıq işlərini «Forvard-CO» MMC-yə etibar edib. Ancaq maraqlısı odur ki, təkcə Xətai rayon İcra Hakimiyyəti yox, Yasamal rayon İH 501 min 500 manat, Suraxanı İH 500 min 650 manat, Nərimanov İH 350 min manat, Xəzər rayon İH 470 min 80 manat, Nəsimi İH 350 min manatlıq abadlıq işlərini adıçəkilən şirkətə gördürüb. «Lerik rayon İH də abadlaşdırma və bərpa işlərini 471 min 938.91 manata «Forvard-CO» MMC-dən satın alıb. Bir ildə icra hakimiyyətlərindən 3 milyon 144 min 819 manatlıq sifariş alan şirkət haqqında internet resurslarında məlumat yoxdur... Həmin il şirkət bu vəsaitlə kifayətlənməyib, sanki ölkədə başqa şirkət yoxmuş kimi bir ildə 40 tenderi qazanıb, müxtəlif dövlət qurumlarından ümumilikdə 4 milyon 709 min 372 manatlıq sifarişi olub. İcra hakimiyyətlərinin abadlığa ayırdıqları vəsaitlərin və işi həvalə etdikləri şirkətlərin eyniliyindən bəllidir ki, bu iş bir mərkəzdən idarə olunur. «Bakı Metropoliteni» QSC və Daxili İşlər Nazirliyi (DİN) də adıçəkilən şirkətə çox işlər həvalə edib».
 
Qəzet daha sonra yazır ki, Xətai İH 2013-cü ildə irimiqyaslı işlərini təzə şirkət – «Dizayn Construction» MMC-yə gördürüb: «Əslində bu şirkət hələ 2012-ci ildə 21 tenderi təkbaşına udub. Bunun da ümumi dəyəri 6 milyon 151 min 19 manat təşkil edir. Bakı İH də daxil olmaqla icra hakimiyyətlərinin burada payı 5 milyon 344 min 656 manatdır. Nə hikmətdirsə Lerik İH eyni vaxtda üç məktəbi bu şirkətə tikdirib. 180- və 80- yerlik məktəblərdən biri 1 milyon 534 min 806 manat, digəri 711 min 902 manat, üçüncüsü 661 min 785 manata başa gəlib. 2013-cü ildə ümumilikdə 25 milyon 747 min 275 manat dəyərində 73 tenderi qazanan bu şirkətin, doğrusu, kimin patronajlığında olduğunu maraq edirəm. Təkcə bir ildə 25.7 milyon dövriyyəsi olan şirkətin vebsaytı da yoxdur». /

Google+ WhatsApp ok.ru