“Bakı Metropoliteni” qəzet satışına nə üçün imkan vermir? - Açıqlama

Öncə onu qeyd edək ki, 2013-cü ilin noyabr ayından etibarən metro stansiyalarındakı keçidlərdə qəzet və kitab satışı qadağan edilib. Həmin zaman qəzet redaktorları, kitab nəşri ilə məşğul olan şəxslər və bu çap məhsullarının alıcıları qadağaya etiraz etsə də, buna baxan olmadı. 15 noyabr 2013-cü ildən  isə metroda qəzet-jurnal satışını həyata keçirən “Metroservis” firması isə  ümumiyyətlə ləğv edildi. 
 
“Metroservis” hazırda yalnız abunə kampaniyası ilə məşğuldur. Firma xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sifarişlər qəbul edir. Lakin qurumdan bildirdilər ki, abunə vasitəsi ilə qəzetin satışı açıq satışla müqayisədə xeyli aşağıdır. Qurumdan eyni zamanda o da bildirildi ki, qəzetlər ən çox metrostansiyalardakı keçidlərdə satılırdı. Buna da icazə verilmir.
Ölkə əhalisinin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi olan metronun stansiyalarından qəzet satışının dayandırılması isə cəmiyyətin informasiya almasını çətinləşdirməklə  bərabər, qəzet redaksiyalarına da maddi baxımdan xeyli zərər vurmuş oldu. 
 
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri (Zaur Hüseynov) təyin olunduqdan sonra, stansiyalara, qatarlara vurulan reklam bannerləri tamamilə yığışdırıldı. Lakin  bu ilin avqust ayından etibarən metrostansiyalarıa reklamlar yenidən bərpa olundu. Hətta keçidlərdə xüsusi dükanlar da yaradıldı ki, orada indi güldən tutmuş, oyuncaqlara qədərə hər şey satılır. Orada kitabların da satışına icazə verildi. Lakin qəzetlər yenə də unuduldu...
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. Nəsimi Paşayev mövzu ilə bağlı musavat.com-a açıqlamasında bildirdi ki, metroda qəzet satışı ilə bağlı hələ ki, hər hansı bir yenilik yoxdur:
“Metroda hazırda gül və kitab satışına icazə var. Hələ ki, qəzet satışına icazə yoxdur. Metronun “Nəriman Nərimanov”, “Gənclik”  və “İnşaatçılar” stansiyalarında təmir aparıldıqdan sonra, orada satış üçün xüsusi yer də quraşdırıldı. Bu yerlərdə isə yuxarıda qeyd etdiyim kimi gül və kitab satılır. Konkret, metroda hazırda gül, kitab, təcili yardım üçün lazım ola biləcək dərman preparatları satıla bilər. Bir də çoxfunksiyalı aparatlar var ki, onlardan su və digər bu kimi mayelər satıla bilər. Bundan başqa, metro keçidlərində hər hansı bir məhsulun satışına icazə yoxdur”.
 
Nəsimi Paşayev onu da təsdiqlədi ki, artıq metroda reklam lövhələrinin vurulmasına icazə verilib. Çox maraqlı haldır ki, metroda kitab satışına icazə verildiyi halda, qəzetlərin yayımına qadağa qoyulub. Nə üçün? Suala heç “Bakı Metropoliteni”nin rəsmi nümayəndəsi də cavab verə bilmədi...
 
Bakıda qəzet satışı ilə məşğul olan yayım firmalarından biri də “Qasid” idi. Bu firmanın da köşkləri hələ 2012-ci ildə yığışdırıldı. Əvəzində isə daha modern köşklər gətirilsə də bu qəzet satışının artımına səbəb olmadı.Əksinə, yeni köşklərdə qəzetlərin  satışı nəzərəçarpacaq dərəcədə azaldı. Bunu köşklərdə satıcı kimi çalışanlar da təsdiq edirlər. Hazırda qəzetlər yeni köşklərin sadəcə qapılarında olan xüsusi yerlərə qoyularaq satılır. Mahiyyət etibarilə  bura köşkdən çox mini marketə bənzəyir. 
 
Məsələ ilə bağlı danışan “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov qəzet yayımı ilə bağlı məsələnin çox acınacaqlı olduğunu dedi: “Şəhərdə yeni qoyulan köşklərə qəzet veririk. Amma bu çox azdır. Həm də onların bölüb satmaq ənənəsi yoxdur deyə, hesab edirəm ki, hazırkı zamanda o, "Qasid"in gördüyü işi yerinə yetirə bilmir. Bu köşkləri “Qasid”in köşklərinin yerinə qoysalar da “Qasid”i əvəz edə bilmir. Çünki “Qasid”in neçə illərdən bəri qəzet satmaq ənənəsi vardı və orada əsas üstünlüyü qəzetlərin satışı təşkil edirdi. Amma bu köşklərdə qəzetlər sanki ən axırıncı satış məhsulu kimi düzülür və onların satışı köşklərin elə də marağında deyil. Metrolara gəlincə isə ora bizim üçün ən strateji yerlərdən idi. Çünki hava şəraitindən asılı olmayaraq metroda hərəkət edən oxucular istədikləri vaxt giriş-çıxışda qəzet alıb ya evə aparırdılar, ya da metroda oxuyurdular. Metroda ticarətin, qəzet yayımın yığışdırılması mətbuata böyük zərbə oldu. İndi söhbət gedir ki, metronun yeni satış mərkəzləri açılıb. Əgər metroda ticarət obyektləri açılırsa, bu ticarət birinci qəzetlərin satışı ilə bağlı olmalıdır”. /
 


Google+ WhatsApp ok.ru