“Qul bazarı” sözündən utanan fəhlələr: “İş olmayanda ac yatırıq”

Paytaxtda iş axtaran fəhlələrin, ustaların, sadəcə işsizlərin toplaşıb müştəri gözlədiyi bir neçə məkan var. Onlar orada toplaşıb “çörək” gözləyir, vaxtı öldürmək üçün söhbətləşir, o baş-bu başa var-gəl edir, müştəri yaxınlaşan kimi 5-6 nəfər birdən maşına tərəf qaçır…
 
Yəqin ki, çoxları bu mənzərənin şahidi olub. Dilə gətirmək nə qədər kobud və çətin olsa da bu, adama lap Məşədi İbadın özünə hambal axtarması səhnəsini xatırladır. Bəlkə də elə buna görədir ki, onların dayandığı yerə “qul bazarı” deyilir.
 
“Qul” və “bazar”… XXI əsrdə “qul” sözünü işlətmək, ümumiyyətlə, bu ifadənin arxaikləşməməsi necə də qəribə görünür. Yanında da “bazar” sözü… Nə yaxşı ki, bu bazarda satışa çıxarılan onların əməyidir, hələ ki, özləri deyil…
 
“Xalqlar dostluğu” metrosu yaxınlığındakı körpünün altı da Bakının qul bazarlarından biridir. Həmin əraziyə yaxın yaşayanlar körpünün altını həmişə fəhlə ilə dolu görməyə adət ediblər. Amma son vaxtlar əvvəlki vaxtlarla müqayisədə ora toplaşanların sayı artıb.
 
Bu da təsadüfi deyil, şəhərin müxtəlif yerlərində gedən tikinti işləri dayanıb, dünyadakı böhran bizim ölkəyə də təsirini göstərir. Mağazalar bağlanır, kasıb təbəqənin sayı artır və beləcə, fəhlələrə düşən işlər də azalır.
 
Körpünün altına çatıb fəhlələrdən birinə yaxınlaşıb söhbətləşmək istəyirik. Bir neçə dəqiqə sonra 10-15 adam başımıza yığışır. Kim olduğumuzu bilmədiklərindən hamı eyni həvəslə, bir az da ümidlə bir-birinə eyni sualı verir: “İşdir? Haradadır? Nə işidir elə?”…
 
Onların ümidini qırmaq bir az çətin olsa da izah edirik ki, əslində biz də iş üçün gəlmişik, amma bu iş o işdən, “çörəkli iş”dən deyil…
 
Jurnalist olduğumuzu biləndə bir qismi narazı halda uzaqlaşır. Deyirlər ki, buradakı vəziyyətlə maraqlanan adamlara nəsə danışanda polis onları buradan qovur.
 
Elə adlarını da eyni səbəbdən – qorxudan çəkmək istəmirlər: “Jurnalistlərə danışanda burada dayanmağamıza icazə vermirlər. 3-4 gün yaxın düşə bilmirik. Qoymurlar kiməsə danışmağa”.
 
Aralarında bənna, qaynaqçı, parket döşəmə ustası, ümumiyyətlə, təmir-tikinti ilə bağlı iş görə biləcək hər sahənin adamı var. Körpünün divarının dibinə drel, laqunda, qaynaq aparatı, müxtəlif iş alətləri düzüb gözləyirlər. Kimsə gəlsə, fəhlə axtarsa, onlar üçün iş olacaq və gündəlik çörək pullarını qazana biləcəklər.
 
“Günümüz 20 manatdır. Burada bütün gün gözləyirik ki, iş olsun. Amma əvvəlki vaxtlarla müqayisədə iş xeyli azalıb. Əvvəllər heç olmasa yaxşı idi, iş olurdu. İndi avara qalmışıq. Guya yaşayırıq. Amma bu, yaşamaq deyil, sürünməkdir” – deyə fəhlələr dərdlərini danışır.
 
O qədər ümidsiz görünürdülər ki, heç biri vəziyyət barədə ətraflı danışmaq istəmirdi. Elə hər biri deyir gedin yazın ki, vəziyyət pisdir, bu nəyi dəyişəcək…
 
Amma aralarında əks fikirdə olanlar da tapılırdı. Elə ona görə qəfildən mübahisə etməyə başladılar:
 
-Burada pul var ki, gəlib dayanırlar da… Heç nə olmasa, bu qədər adam bura niyə yığışar?
 
-Vallah, bura hamı acından gəlir. Heç kim rahat həyatını atıb gəlməyib. Hamı çətin yaşayır deyə gəlib.
 
-Onda çıx get otur rayonunda, kəndində.
 
-Necə oturum? Acından ölüm?…
 
Bu mövzudakı mübahisə xeyli uzandı. Amma heç kim bir-birinə sübut edə bilmədi ki, hansı haqlıdır.
 
Bununla belə fəhlələrə diqqətlə nəzər salanda onlarla söhbət etmədən də başa düşmək olur ki, vəziyyət ürəkaçan deyil.
 
Dolanışıqlarını soruşanda isə yenə eyni çarəsizliklə cavab verirlər: “İş olsa, günə 20 manat qazanırıq, evdə qazan asırlar, yemək bişir. Olmasa, o da bişmir. Ac yatırıq. Allah ümidinə qalırıq”.
 
Qışın soyuğu-çovğununda, şaxtası-qarında, yayın qızmar istisində yol kənarında dayanıb müştəri gözləmək heç vaxt asan olmayıb. Amma indi onların vəziyyəti o həddə çatıb ki, bir müddət əvvəlki az qazanclı, lakin mütəmadi işləri olan vaxtları daha yaxşı hesab etməyə başlayıblar. Çarəsizliyin bir formasından digər formasına keçiblər.
 
Dediyimiz kimi, hamısı eyni sözü təkrarlayıb, üzünü çevirib gedir: “Vəziyyət pisdir, amma bunu demək, bundan şikayətlənmək heç nəyi dəyişmir”.
 
P.S. Təxminən bir saat çəkən söhbətimiz zamanı onlardan heç biri buranı “qul bazarı” adlandırmadı. Hiss olunur ki, bundan utanırlar. Özlərinə sığışdırmırlar. Dəfələrlə “fəhlə bazarı” sözünü eşidirik. Hətta onlardan biri incik halda “indi gedib yenə də “qul bazarı” yazacaqlar” deyib üzünü çevirir. Görünür ona görə ki, “qul bazarı” ifadəsi bizim üçün bir cür dəhşətli səslənir, onlar üçün başqa cür…  virtualaz /

 

Google+ WhatsApp ok.ru