Əli Abbasov Misir Mərdanovun təqdimatının güdazına gedib…

Vidadi Zeynalovu keçmiş rabitə nazirinə o təqdim edibmiş

İşdən azad olunduqdan sonra kölgəyə çəkilmiş keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı Moderator.az – a ilginc məlumat daxil olub.
 
Belə ki, adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, xoşniyyətlilik illər sonra Əli Abbasova baha başa gəlib və nazirliyin həbsdə olan aparat rəhbəri, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan Vidadi Zeynalova göstərilən aşırı səxavət sonda bumeranq effekti ilə Əli Abbasovun nəinki karyerasının, bütün bioqrarfiyasının üstündən xətt çəkib və hətta onun bütün bu olaylardan sonra həbsdən qurtulmasının özü də taleyin ona lütfkarlığı hesab oluna bilər?
 
Bəs Əli Abbasov harada səhv buraxıb ki, belə bir acınacaqlı aqibətlə üzləşməli olub? Sən demə, keçmiş nazir heç Vidadi Zeynalovu tanımırmış və keçmiş aparat rəhbərini vaxtilə ona təqdim edən keçmiş təhsil naziri Misir Mərdonov olub. O vaxtlar Dövlət Iqtisad Universitetinin rektoru olan Əli Abbasova prorektor təqdimatının da Misir Mərdanov tərəfindən irəli sürülməsi məsələnin maraqlı tərəflərindən biri olub. Təbii ki, universitetə prorektor təyinatı məhz nazirin razılığı olmadan mümkün olmazdı və Misir Mərdanov sonradan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparat rəhbərinin müavini statusuna yiyələn qardaşı Ilham Mərdanovun xahişi ilə Vidadi Zeynalovu Əli Abbasovun rektor olduğu təhsil ocağına prorektor təyin etdirib. Sonradan iş elə gətirib ki, nazir postuna yiyələnən Əli Abbasov Misir Mərdanovun təqdim etdiyi “zirək, əldən isti”, daşdan pul çıxarmağı bacaran prorektoru da özüylə nazirliyə gətirib aparat rəhbəri kimi mühüm posta əyləşdirib.
 
Yeri gəlmişkən, Moderator.az-a daxil olan məlumatda o da deyilir ki, bir neçə il öncə prezident Ilham Əliyevin sərəncamı ilə ölkənin ümumtəhsil məktəbələrinin informasiya texnologiyaları ilə təminatı üçün sərəncamla ayırdığı 30 milyon manat vəsaitin də “şəffaf şəkildə, qəpiyinəcən təyinatı üzrə xərclənməsi”nə də o vaxtkı təhsil naziri Misir Mərdanovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov rəhbərlik ediblər. Bu rəhbərlikdən də ölkənin ümumtəhsil məktəblərinə həmin vəsaitdən nə qədərinin çatmasını da yəqin ki, hüquq-mühafizə orqanları yoxlamamış deyillər. Heç adamın inanmağı gəlmir ki, ordan bir manat da olsa dövlət vəsaitinin mənimsənildiyi üzə çıxarıla. Axı Vidadi Zeynalov hələ maliyyə idarəsində işləyərkən pulu zərgər dəqiqliklə silmək üzrə xüsusi testlərdən keçib.

Google+ WhatsApp ok.ru