ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏRƏCƏL-BƏHREYN” AYƏSİ (24)

Qurani-Kərimdə Əhli-beyt imamlarının (ə) üstünlüyünə işarə edən, onları İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən, eləcə də, onların vilayət və imamətini dolayısı ilə sübuta yetirən ayələrdən biri “Mərəcəl-bəhreyn” adını daşıyan “Ər-rəhman” surəsinin 19-22-ci ayələridir. Bu ayələrdə belə buyurulur:

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ

“O, iki dənizi bir-birinə qovuşdurdu. Halbuki onların arasında maneə var və bir-birinə qarışmırlar. Belə olduqda, Rəbbinizin hansı nemətlərini danırsınız? O iki dənizdən inci və mərcan çıxır!”

Alimlərin bu ayələrin təfsirində çoxlu mübahisəli fikirləri var. Bəziləri demişlər: “Ayədə qeyd olunan iki dənizdə məqsəd suları şirin və şor olan, eyni zamanda bir-birinə qarışmayan iki dənizdir. Dünyanın bir çox məntəqələrində bunu müşahidə etmək olar.

Diqqəti cəlb edən digər bir təfsirə görə, burada məqsəd dünya okeanının ekvator boyu isti sularını hər iki qütbə doğru yönəldən (Qolfştrim cərəyanı kimi) böyük axın və cərəyanlardır. Bəzən onların rəngi də ətraf suların rəngindən fərqlənir. Hətta bəzən onların eni 150 km, dərinliyi 100-200 metr olur. Gün ərzində saatda 160 km sürətlə hərəkət edir və istiliyi ətraf sulardan fərqlənərək, 10-15 dərəcəyə çatır. Belə isti su cərəyanları isti küləklər yaradır. O şimal istiqamətindəki məntəqə və ölkələrin havasını dəyişir, mülayimləşdirir. Əgər bu cərəyanlar baş verməsə, həmin ölkələrdə həyat tərzi çətin və dözülməz olar.

Əlbəttə, bu iqlim hadisəsi dünyanın beş qitəsinin sularında müşahidə olunur. Bu prosesin əsas amili suyun ekvator xətti boyunca, hər iki qütbdə fərqliliyidir.

Quran ayələrinin zahiri və batini mənaları olduğundan, bəzən ayələr həm zahiri, həm də batini baxımdan təfsir edilir. İslam rəvayətlərində bu “iki dəniz”in batini təfsiri imam Əli (ə) və xanım Fatimeyi-Zəhra (s.ə.), ayədə qeyd olunan inci və mərcan sözlərinin təfsiri isə imam Həsən və imam Hüseyndir (ə).

“Şəvahidut-tənzil” kitabında “O, iki dənizi bir-birinə qovuşdurdu.” – ayəsinin təfsirində Salman Farsidən nəql olunan rəvayətdə deyilir ki, məqsəd imam Əli (ə) və xanım Fatimeyi-Zəhradır (ə.s). Sonra əlavə edərək Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu yazır: “O iki dənizdən inci və mərcan çıxır.” – ayəsində məqsəd imam Həsən və imam Hüseyndir (ə). (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.209, hədis 919.)

Bu məzmunda digər bir oxşar rəvayət İbn Abbas və Zəhhakdan nəql olunmuşdur. (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.208.)

Yenə həmin kitabda Səid ibn Cübeyrdən, onun da İbn Abbasdan belə nəql etdiyi yazılır ki, “O, iki dənizi bir-birinə qovuşdurdu.” – ifadəsində məqsəd həzrət Əli (ə) və xanım Fatimeyi-Zəhra (ə.s), “Onların arasında maneə vardır və bir-birinə qatışmırlar.” – ifadəsində məqsəd sonsuz və kəsilməyən əbədi məhəbbət, “O iki dənizdən inci və mərcan çıxır.” – ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə). (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.210.)

Başqa bir hədisdə “Onların arasında maneə vardır və bir-birinə qarışmırlar.” – ayəsinin təfsirində İbn Abbasdan nəql olunan açıq-aydın bir rəvayətdə belə deyilir: “həzrət Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (ə.s) arasında elə sevgi və məhəbbət vardır ki, kin-küdurəti tamamilə uzaqlaşdırır.” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.230.)

Ayədə qeyd olunan “bərzəx” sözü lüğətdə iki şey arasındakı maneə mənasını daşıyır. Burada da məqsəd kin-küdurəti qovan dostluq və məhəbbətdir.

Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin zahiri mənası ilə bağlı rəvayətləri qeyd etdikdən sonra, qeyd etdiyimiz hədislərin batini mənası ilə bağlı İbn Abbasdan, onun da Peyğəmbəri-Əkrəmdən (s) belə nəql etdiyini yazır: “İbn Mərdəveyh “O, iki dənizi bir-birinə qovuşdurdu.” – ifadəsinin təfsirində İbn Abbasdan nəql edir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “O iki dənizdən inci və mərcan çıxır.” – ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).”

O, bu rəvayəti Ənəs ibn Malikdən də nəql etmişdir. (“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 143.)

Məşhur təfsir alimi Alusi “Ruhul-məani” kitabında yuxarıdakı rəvayəti İbn Abbas və Əyas ibn Malikdən, eləcə də, Təbərsinin vasitsilə Salman Farsi, Səid ibn Cübeyr və Süfyan Suridən nəql etdikdən sonra belə yazır: “Mənim nəzərimcə, bu rəvayətlər səhih və düzgün olsa da, bu ayənin təfsiri ilə heç bir əlaqəsi yoxdur. Üstəlik sufilərin bir çox ayələrlə bağlı yozumlarına bənzəyir. Əlbəttə, bizim nəzərimizcə, həzrət Əli (ə) və xanım Fatimə (s.ə.) elm və fəzilət baxımından dəryalardan da böyükdür. Həmçinin Həsən və Hüseyn inci və mərcandan daha gözəl, daha cəlbedicidir.” (“Ruhul-məani”, 37-ci cild, səh.93 – bəhs etdiyimiz ayənin təfsirində.)

Həqiqətdə, onun Peyğəmbərin (s) Əhli-beytinə münasibətdə bu etirafı tərifəlayiqdir; bu şərtlə ki, qeyd etdiyimiz rəvayətləri dəyərdən salmaq məqsədi olmasın. Alusi guya unutmuşdur ki, bu hədis müxtəlif sənədlərlə Peyğəmbəri-Əkrəmdən (s) nəql olunmuş və o həzrətin də ayələri yozmağa ixtiyarı var! Amma bunun sufilərin azğın fikirləri və sənədsiz yozumları ilə müqayisəsi zülm, haqsızlıqdır və belə bir alimin şənindən uzaqdır.

Ümumiyyətlə, bu ayə də imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) böyük fəzilətini sübuta yetirən ayələrdən biridir. Çünki Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) iki böyük dəryaya bənzəyirlər. Belə ki, onlar Allahın əzəmətli nişanələri, xeyir-bərəkət mənbəyi, elm və biliklərin başlanğıcı, ismət, paklıq, səxavət və əxlaq göstəriciləri, onların övladları da elm və təqvada, fəzilət və paklıq baxımından dəryanın tayı-bərabəri olmayan, qiymətli, misilsiz ləl-cavahirlərdir. Axı, İslamda kimin haqqında bu qədər fəzilət sadalanmışdır?! Peyğəmbərin (s) canişinliyinə imam Əli (ə) və onun övladlarından başqa kim layiq ola bilər?! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.234-236.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru