“Xəzərin kollektiv istifadədən məhrum edilməsi yolverilməzdir”

Hələ bir neçə il öncə Xəzər dənizinin boş sahil ərazilərinin oliqarx və yüksək rütbəli məmurlar tərəfindən hasarlandığı haqda məlumatlar gündəmi zəbt etmişdi. Zaman-zaman həm aidiyyatı dövlət strukturlarında, həm Milli Məclisdə, həm də ictimaiyyətdə bu problemli məsələ müzakirə mövzusuna çevrilsə də, görünür heç bir müsbət nəticə hasil olmayıb. Əks halda bu gün əsas çimərlik zonalarının tamamilə tutulduğunu müşahidə etməzdik. Belə davam edərsə bu il də paytaxt əhalisinin pulsuz çimərliklərdən istifadə edə bilməyəcəyini demək mümkündür.  Hündürlüyü 5-6 metrdən yüksək olan hasarların arxasından isə, ümumiyyətlə, dənizi görmək mümkün deyil. Bakı buxtasının gözəlliyini yalnız Azərbaycanın fiziki xəritəsində görmək olar. 
 
Bəs görəsən hökumət bu problemin həllində niyə maraqlı deyil? Ümumiyyətlə dəniz sahili torpaqların zəbt edilməsinə görə  qanunvericilikdə hansı inzibati cərimə mexanizmi nəzərdə tutulub?
 
İslaminsesinin ünvanladığı sualları “Ümid” partiyasının sədri, keçmiş millət vəkili İqbal Ağazadə cavablandırıb.  Partiya sədri parlamentdə təmsil olunduğu zaman bu məsələni qaldırdığını bildirib: “Hesab edirəm ki, Xəzər dənizi Azərbaycan Respublikası vətəndaşlarının ümumi sərvətidir və onun xüsusiləşdirilməsi,  eyni zamanda kollektiv istifadədən məhrum edilməsi yolverilməzdir”.
 
İqbal Ağazadənin sözlərinə görə,  Xəzər dənizinin boş sahil ərazilərinin qanunsuz zəbt edilməsinin qarşısının alınmasında hökumət maraqlı deyil. Çünki həmin əraziləri hökumətdə yüksək post tutan məmurlar alıblar.  
 
Partiya sədri qeyd edib ki, qanunvericilikdə bu məsələ ümumi qaydalarla tənzimlənir: “ Dəniz sahilindən 130 metr məsafəyə qədər heç bir halda ərazi hasarlana, özəlləşdirilə və özününküləşdirilə bilməz. Yəni bu məsələdə qanun kollektiv vətəndaşın, cəmiyyətin mövqeyini müdafiə edən səviyyədədir.  Bu problemi aradan qaldırmaq üçün sadəcə konkret addımlar atmaq və qanunvericilikdə nəzərdə tutulan inzibati cəza mexanizmlərini işlətmək lazımdır”.
 

Google+ WhatsApp ok.ru