“Azərenerji”də kütləvi narazılıq

Etibar Pirverdiyev struktur dəyişikliyi barədə əmrini ləğv etməyə məcbur oldu

“Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin martın 16-da imzaladığı növbəti əmr barədə ötən saylaramızda məlumat vermişdik. Həmin məlumatda bildirilirdi ki, Etibar Pirverdiyevin imzaladığı əmrlə “Azərenerji”nin idarə aparatının tərkibindəki Enerjinəzarət Idarəsi, Əməyin Təhlükəsizliyi Xidməti, və Yanğından Mühafizə Xidməti ləğv edilib.

Onların yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki şərtlərin verilməsi xidməti və Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istismara nəzarət xidməti yaradılsın.

Etibar Pirverdiyevin bu əmrilə qurumda kütləvi ixtisarlar baş verib. Məsələn, ləğv edilmiş Enerjinəzarət Idarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Bir daha qeyd edək ki, yeni yaradalına strukturların işçilərin əvvəlki qurumlardan transfer olunub.

Dünən redaksiyamıza daxil olan xəbərə görə, Etibar Pirverdiyev sözügedən əmri ləğv edib. Məlumatda deyilir ki, “Azərenerji” prezidentinin bu əmri kütləvi narazılığa səbəb olub. Bundan narahat olan Etibar Pirverdiyev əmri ləğv etmək məcburiyyətində qalıb. /

 

 

Google+ WhatsApp ok.ru