“Çempionluğu şəhidlərimizə həsr edirik” – Qara Qarayev

“Qarabağ”ın futbolçusu Qara Qarayev  “Zirə” üzərinə 2:0 hesablı qələbə qazanaraq  Azərbaycan çempionu olduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə  jurnalistlərin suallarını cavablandırıb.
 
- Bu gün “Qarabağ” 4-cü dəfə adını Azərbaycan futbolunun tarixinə çempion kimi yazdı. Bu, bizim tarixi uğurumuzdur. Gələcəkdə evimizin ən dəyərli yerindən asacağımız bir medal qazandıq. Düşünürəm ki, bütün “Qarabağ” ailəsi və “Qarabağ” sevərlər bu qələbəyə layiq idi. Onların hər birini təbrik edirəm. Çalışacağıq ki, oyunlarımızdakı stabilliyi qoruyub saxlayaq və uğurlarımızın davamını gətirək. 
 
- Çempionluğu rəqib meydançasında qeyd etmək necə hissdir? 
 
- Çempionluğu “Zirən”nin stadionunda rəsmiləşdirsək də son oyunumuz doğma divarlar arasında olacaq. Kuboku öz meydanımızda başımız üzərinə qaldıracağıq. Düşünürəm ki, bu daha gözəl olacaq.
 
- Bu tarixə qovuşacaq zəfəri necə qeyd edəcəksiniz?
 
- Rəhbərlik necə qərar versə, elə. Amma düşünmürəm ki, hər hansı böyük bir tədbir keçirilsin. Çünki son günlərdə ölkəmiz hər gün bir şəhid verir. Fürsətdən istifadə edib çempionluğu şəhidlərimizə ərməğan edirik. 
 
- Ötən mövsüm olduğu kimi, qızıl dubl etmək mümkün olacaq?
 
- Kubokda da maksimum nəticə qazanmağa çalışacağıq. Hər kəs uğur qazanmaq istəyir. Buna nail olsaq, çox böyük xoşbəxtlik olacaq. Çünki “Qarabağ” adına hamı yaxşı nəticə qazanmaq istəyir. 
 
- Çempionatın son turlarındakı oyunlar sizin üçün sıxıcı olmayacaq? 
 
- Əksinə, son 4 oyun bizim üçün çox vacibdir. Çünki Avrokuboklara hazırlıqlı olmaq üçün  bu oyundalarda özümüzü yaxşı tərəfdən göstərməliyik. Fikrimcə, rahatlaşmaq avrokuboklarda bizim üçün problem yaradar. Qurban Qurbanov da tapşırıb ki, son oyunlara ciddi yanaşaq. 
 

Google+ WhatsApp ok.ru