​Qubada sürüşmə nəticəsində 60-dək ağac kökündən aşaraq torpağa qarışıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada baş verən torpaq sürüşməsi ilə bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən Maide.Az-a daxil olan məlumatda bildirilib ki, iyunun 7-də axşam saatlarında Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 13a saylı dolayında, Quba -Xınalıq yolunun təxminən 29-cu kilometrliyində meşə ilə örtülü ərazidə torpaq sürüşməsi baş verib.
 
Hadisə yerinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri gələrək araşdırmalara başlanılıb. Aparılan araşdırmalara görə sürüşməyə səbəb son günlər bölgəyə yağan intensiv və güclü yağışların olduğu müəyyən edilib.
 
Mütəxəssislərin ilkin rəyinə görə sürüşmə kütləsinin aşağı hissəsinin eni 30-40, yuxarı hissədə 20, sürüşmə səthinin dərinliyi 2-3, uzunluğu isə 150 metr olmaqla Qudyalçayın yatağına doğru istiqamətlənib. Sürüşmə nəticəsində diametri 12-28 sm olan müxtəlif cinsli (əsasən vələs və fıstıq) təxminən 60-dək ağac kökündən aşaraq torpaq kütləsinə qarışıb. Hazırda sürüşmə prosesinin dayanmasına baxmayaraq, ətraf hissələrdə torpağın aşınması müşahidə edilir.
 
“Sürüşmə zonası yaşayış məntəqələrindən, iaşə obyektlərindən və avtomobil yolundan kənarda olduğundan insanların həyatı üçün heç bir təhlükə yoxdur”, - nazirliyin məlumatında bildirilib.
 
Əraziyə nəzarət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. /

Google+ WhatsApp ok.ru