Ərzaq məhsullarının qiyməti artıb

Ərzaq məhsullarının qiyməti artıb

İkinci devalvasiyadan sonra çörək də daxil olmaqla ərzaq və qeyri-ərzaq məhsulları bahalaşdı. Hökumət süni qiymət artımına yol verənlərin cəzalandırılacağını açıqlamaqla bahalaşmanın qarşısını almağa çalışsa da, az qala hər gün bütün məhsullarda gözlə seziləsi artım hiss olunur.
 
İqtisadçılar isə bayram ərəfəsində növbəti bahalaşmanın anonsunu verirlər.
 
Meydan TV əməkdaşı qiymətləri öyrənmək məqsədilə mağazalara baş çəkib.
 
Bu həftədən yumurta yenidən bahalaşacaq
 
“Dünən yumurtanı yeni qiymətlə gətirdilər, yəni 1-i 18 qəpiyə. Son 1 həftəyə qədər 16 qəpikdən alıb, 18 qəpiyə satmışıq. Növbəti həftədən yumurta 20 qəpiyədək bahalaşacaq”.
 
Bunu ərzaq məhsulları mağazasının sahibi İlkin Məmmədov deyir.
 
Onun sözlərinə görə, ötən həftə sosiska və kolbasa məhsullarının qiyməti 50 qəpik-1 manat 50 qəpik arasında bahalaşıb. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərin noyabrın 1-dən qüvvəyə minməsindən sonra baş verib.
Mağaza sahibləri yaxın bir neçə gündə gömrük rusumları artırılan məhsulların qiymətində ciddi bahalaşma olacağını da söyləyirlər. Bahalaşacaq məhsulların siyahısında şirniyyat məhsulları xüsusi çəkiyə malik olacaq.
 
Ət, toyuq, qənd, çay...
 
60 yaşlı Nəbi Həsənov deyir ki, 5 nəfərlik ailənin təminatı üçün ayda 400 manat bəs etmir: “Son 10 gündür evə ət ala bilmirəm. Ətin kiloqramı 10 manatdır. Qənd, çay, şəkər, yağ da bahalaşıb. Əvvəl 100 manata bunların hamısını ala bilirdim, indi ət alanda yağ, yağ alanda qəndə pul çatmır”.
Hazırda sallaqxanalarda mal ətinin 1 kiloqramı 9 manatdır. Mağazalarda isə ətin kiloqramı 1-12 manat arasında dəyişir.
 
“Əvvəl təzə kəsilmiş ət alırdım. Amma bahalaşmadan sonra dondurulmuş ət almağa məcbur olmuşam. Dondurulmuş ətin qiyməti 7 manat 50 qəpik olub”, - bunu isə bahalaşmaya etiraz edən Fidan Quliyeva deyir. 
F.Quliyeva müəllimədir, ayda 300 manat məvacib alır. “Un və un məmulatları da bahalaşıb. Məsələn, makaron 80 qəpikdən 1 manat 60 qəpiyə yüksəlib. Şirniyyata isə yaxın düşmək olmur. Şəkərbura, paxlava, adi qoğalların qiyməti belə 2 dəfə artıb. Toyuq 5 manat 60 qəpikdir, əvvəl isə 3 manat 60 qəpiyə alırdım”.
 
Mağazalarda ağartı məhsullarının qiyməti də əhəmiyyətli dərəcədə artıb. Əvvəllər 3-4 manata satılan pendir indi 5 manatdır.
 
Yağ çox bahalaşıb
 
Satıcılar deyir ki, son 1 ayda kərə və bitki yağları bir neçə dəfə bahalaşıb. Oktyabrın ikinci yarısında yağın qiymətində təxminən 2 manat artım olub.
 
Hazırda “Ankor” yağı 10 manata, “Atena” 8 manat 50 qəpik, “Valio” 12 manata satılır.
 
“Son aylar kərə yağlarının satışı azalıb. İndi əksəriyyət ucuz marqarin yağları alır. Məsələn, “Krestyanski” yağını əvvəl alan az idi, indi qiymətinə görə çox alınır”, - adının açıqlanmasını istəməyən “Bizim market” mağazasının satıcısı deyir.
 
Duru yağların qiymətində də artım 1-2 manat arasındadır. Daha çox “Azərsun” şirkətinin istehsal etdiyi yağların qiymətində artım müşahidə edilir.
 
Şampunlar, yuyucu toz, saç boyaları bahalaşıb
 
Satıcılar deyir ki, devalvasiya daha çox qeyri-ərzaq məhsullarının qiymətinə təsir edib. Şampun, yuyucu tozların qiyməti artıb. Məsələn, ən ucuz yuyucu vasitə “ACE” yuyucusunun qiyməti 5 manat 50 qəpikdən 8 manat 90 qəpiyə qədər bahalaşıb. Sabunların qiyməti isə təxminən 20-30 qəpik artıb. Saç boyaları, gel, hava təmizləyiciləri də bahalaşan məhsullar sırasındadır.
 
Meyvə-tərəvəz niyə bahadır…
 
Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən "Neptun" mağazasının satıcısı deyir ki, son bir neçə gündə soğan və kartofun da qiyməti artıb. Məsələn, hazırda bazarda İran kartofu 70-80 qəpiyə, Tovuz kartofu isə 1 manat 20 qəpiyə satılır. Nar mövsümü olmasına baxmayaq bu məhsulun qiyməti 1 manat-1 manat 50 qəpiyədir. Banan 1 manat 50 qəpik, kivi 1 manat 70 qəpik, alma 1 -3 manat, portağal 2 manat, xurma 1 manat, kök 80 qəpikdir. Xiyar 1 -2 manat, pomidor 2-5 manat, göyərti 20 qəpikdir.
 
Ekspert Vahid Məhərrəmov deyib ki, hökumət qiymət artımının qarşısını ala bilməyəcək və növbəti bahalaşma gözləniləndi.
 
İqtisadçı Nadir Babayev isə yeni il ərəfəsində növbəti devalvasiya olacağını güman edib. (Meydantv)
 
 

Google+ WhatsApp ok.ru