Əlillər Bakıda aksiya keçirdi

Əlillər Bakıda aksiya keçirdi

Bu gün bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib. Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, aksiyada iştirak edən əlillər onlar üçün kommunal xidmətlərin pulsuz oması və müavinətlərin artırılmasını tələb ediblər.
 
Maide.Az  bildirir ki, aksiyaçılardan Xuraman Seyidəmirin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, iki əlil uşaq anasıdır və keçən aydan təqaüdü ala bilmir: "Uşaqlardan biri üçün 55 manat, digəri üçün isə 74 manat əlil pulu alıram. Bu pulla necə dolana bilərəm? Pulu ödəyə bilmədiyim üçün gəlib işığı kəsiblər. Uşaqlarım epilepsiya xəstəsidir. Evdə çörək almağa pulum yoxudr. Neçə gündür ki, gedib məsciddən evə yemək gətirirəm. Təqaüdü keçən aydan ala bilmirəm".
 
Digər şikayətçi əlil Asif Qasımovun sözlərinə görə, əlillərin tələbi əlilliyi olan şəxslərin əmək haqqı və müavinətlərinin artırılması və kommunal xərclərdən azad olunmasıdır: "Bu gün heç kim zəmanət verə bilməz ki, sabah o, əlil olmayacaq. Siz necə, bu qədər az müavinətlə dolana bilrəsinizmi? Sosial müavinəti də kəsiblər".
 
Fiziki məhdudiyyətli Zəfər Miriyev isə deyir ki, 3 övladı var və aldığı təqaüdlə uşaqlarını saxlaya bilmir: "Mənim evim yoxdur, aldığım pul ilə isə uşaqlarımı saxlaya bilmirəm. Orda-burda qalırıq".
 
Digər şikayətçi Minayə Əsədovanın sözlərinə görə, oğlu Qarabağ müharibəsində yaralanıb: "Özüm də əliləm, uşaqlaırm da, nəvəm də. 2000-ci ildən ev üçün mürciət etmişəm. 17 ildir mənə ev verilmir. Mən İlham Əliyevlə görüşdüm. O, Hacıbala Abutalıbova tapşırdı ki, mənə ev verilsin. Abutalıbov isə mənə 14 kv metrlik yataqxana otağı verdi. Yataqxana şəraitində 6 əlil yaşaya bilərmi? Nəvəmin 18 yaşı var və 6 dəfə əməliyyat keçirib.  gün 5 manat pulum olmadı ki, nəvəmin ovcuna qoyum, gedib son zəngini keçirsin".
 
Nazir Səlim Müslümov bir neçə əlili qəbul edərək, onların şikayətini dinləyib. S. Müslümovla görüşən bir qrup əlilin sözlərinə görə, nazir onlara bir neçə vəd verib.
 
"Səlim Müslümov əlillərin kommunal xərclərdən azad olunmasının mümkün olmadığını dedi. Bildirdi ki, əlillərin kommunal xərclərdən azad edilməsi üçün nazirliyin maliyyəsi yoxdur" — görüşdən çıxan Zaur Hacılı qeyd etdi. Onun sözlərinə görə, bununla belə, nazir müəyyən sayda əlillərin problemlərini həll etməyə söz verib: "O dedi ki, kommunal xərcləri ödəmək üçün kimin 50-100 manata ehtiyacı olsa, nazirlik həmin şəxslərə yardım edəcək".
 
Səlim Müslümov, həmçinin əlavə edib ki, gələn ildən əlillərin müavinətlərinin artırılması məsələsinə baxılacaq. Bununla yanaşı sosial vəziyyəti aşağı olan əlillərin ailələrinə müəyyən konpensasiyaların veriləcəyini və işsiz əlillərin bir qisminin işlə təmin ediləcəyini də diqqətə çatdırıb.

Google+ WhatsApp ok.ru