​Nə içməyə suyu var, nə də getməyə yolu...

​Nə içməyə suyu var, nə də getməyə yolu...

"Bizim Yol" qəzetində isə "Əcnəbilər Marsda su tapır, bizi isə məmurlar susuzluqdan qırır" sərlövhəli məqalədə Bakının Şağan qəsəbəsinin problemlərindən bəhs edilir. Yazıda oxuyuruq:
"Bir qəsəbə düşünün, bu qızmar yay günlərində nə içməyə suyu var, nə də getməyə yolu… Üstəlik, tullantıları atmağa yer olmadığından, ətraf da zir-zibil içində...".
 
Müəllif Bakının mərkəzindən cəmi 30 kilometr aralıda yerləşən, 8 min əhalisi olan Şağan qəsəbəsini belə tanıdır.
 
Yazıda bildirilir ki, Şağanın küçələrində tez-tez su maşınlarına rast gəlmək olur. Çünki qəsəbə sakinləri suyu pulla alırlar:
"1 maşın su 20 manata satılır. İçməyə yaramayan, yalnız məişətdə istifadə olunan bu su dördnəfərlik ailəyə cəmi bir həftə kifayət edir. İçməli suyu isə mağazalardan alırıq".
 
Qəsəbə sakinlərinin deməsinə görə, hər ay qənaət edəcəkləri halda suya 150 manat pul xərcləməli olurlar. Qəsəbə sakini Cəmilə Hüseynova qəzetə bunları deyib:
"İnkişaf eləmiş ölkədə əhalini su ilə imtahana çəkmək nə deməkdir? 2017-ci ildir, bütün dünyada kranı açanda həm isti, həm soyuq su gəlir. Bizim qəsəbədə isə ümumiyyətlə, su yoxdur. Əcnəbilər Marsda su tapır, bizi isə məmurlar susuzluqla qırır".
 
Sakinlər deyiblər ki, əzab-əziyyətlə qulluq edib böyütdükləri ağacların hamısı bu il susuzluqdan yanıb.
 
Onların demələrinə görə, su çəkilişindən ötrü uyğun dövlət qurumlarına müraciət ediblər, ancaq problem müsbət həllini tapmayıb.
 
Yazıda bildirildiyinə görə, sakinlər indi də imza toplayaraq Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərirlər.(azadliq.org) 

Google+ WhatsApp ok.ru