“BakuBus”da basabas: bu işin çarəsi varmı?

“BakuBus”da basabas: bu işin çarəsi varmı?

Bakı şəhərinin mərkəzi hissəsində hərəkət edən “BakuBus” MMC-yə məxsus 1 saylı marşrut avtobuslarında tez-tez basabas yaranır. Avtobusun salonunda sıxlıq olsa da, sürücü hər dayanacaqda saxlayaraq sərnişin götürür.
 
Bu şikayətlə virtualaz.org-a marşrutun daimi sərnişinləri müraciət edib. Onlar bildirir ki, əslində marşrut kifayət qədər dəqiq işləyir, salonu kondisionerlə təchiz olunub, amma sərnişin sıxlığı rahat gediş-gəlişə mane olur.
 
Sərnişinlər hesab edir ki, sürücüyə avtobusun dolu vaxtlarında müştəri götürməyə icazə verilməsə və ya xəttə əlavə marşrutlar çıxarılsa, problem həll olunar: “Avtobus ağzınacan dolur, amma buna baxmayaraq sürücü hər dayanacaqda saxlayır. Hər dəfə saxladıqda sərnişinlər minir və nəticədə, getdiyimiz yerə bir ayaq üstə, əzgin və yorğun vəziyyətdə çatırıq. Sürücüyə də dəfələrlə iradımızı bildirmişik, amma nəzərə almır”, - deyə sərnişinlər şikayətlənir.
 
Sərnişinlərin şikayətini nəzərə alıb “BakuBus”MMC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev virtualaz.org-a açıqlamasında bildirdi ki, 1 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların intervalı adi vaxtlarda 5 dəqiqə, günün pik vaxtlarında isə 3, hətta 2 dəqiqəyə endirilir.
 
“BakuBus” rəsmisi pik saatlarda sıxlıq olduğunu etiraf etsə də, avtobusların sayının və intervalının normativlərə uyğun təşkil olunduğunu bildirdi:
“Doğrudur, pik saatlarda sərnişin sıxlığı olur. Sürücülərimizin də pik saatlarda anons etdiyi kimi, avtobus dolduqdan sonra dayanacaqdakı sərnişinlərin növbəti avtobusu gözləmələri lazımdır. Sərnişin sıxlığı əsasən səhər 8.20 -8.45 arası, axşam isə 18.10-18.40 radələrində olur. Buna görə də, əlavə imkanlar cəlb etməklə həmin vaxt 1 saylı marşrut avtobuslarında interval minumum həddə endirilir. Sadəcə olaraq, bəzi sərnişinlərimiz dolu avtobusa minməkdə israr edir, 2 və ya 3 dəqiqə göləməklə növbəti avtobusa minmək istəmir. Ümumilikdə isə, hal-hazırda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların sayında və intervalında heç bir problem yoxdur. Həmin xətdə avtobusların hərəkəti qəbul olunmuş normativlərə uyğun təşkil olunur”, - deyə M.Piriyev qeyd edib.
 
Xatırladaq ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan 1 saylı marşrut “28 May” metro stansiyasından başlayaraq, H.Əliyev prospektindən keçməklə “Neftçilər” metro stansiyası istiqamətində hərəkət edir. Ümumi uzunluğu 17,7 km. olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 14 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli saat 06:00-dan 23:00-a qədərdir. /

Google+ WhatsApp ok.ru