Şəhid Vaqif Abdullayevin 66 illiyi ilə bağlı tədbir keçirilib

Şəhid Vaqif Abdullayevin 66 illiyi ilə bağlı tədbir keçirilib

Bu gün “Qələm” Yazarlar Birliyinin təşkilatçılığı ilə hicab şəhidi, AİP-in sədr müavini Şəhid Hacı Vaqif Abdullayevin 66 yaşının tamam olması münasibəti ilə tədbir keçirilib
Maide.Az xəbər verir ki, tədbirdə ölkənin tanınmış siyasi xadimləri, partiya sədrləri, ilahiyyatçı alimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
 
İlk öncə tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə açıq elan edildi.
 
Tədbiri giriş sözü ilə açan “Qələm” Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl dəvətlərini qəbul edib tədbirə təşrif buyuran hər bir kəsə öz təşəkkürünü bildirdi və müqəddəs əza ayı olan məhərrəm ayı ilə bağlı hər kəsə başsağlığı verdi.

 

Şəhid Vaqif Abdullayev şəxsiyyəti haqqında tədbir iştirakçılarına məlumat verən Qurban Cəbrayıl, Vaqif Abdullayevin mübarizə yolunun, uğrunda fəda olduqları dəyərlərin insanlara çatdırılmasının zəruri olduğunu vurğuladı.


Sonra çıxış üçün söz AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verildi. Hacı İlham Əliyev çıxışı zamanı ilk öncə İmam Hüseyn(ə)-ın şəhadəti ilə bağlı Azərbaycan xalqına və bütün dünya müsəlmanlarına başsağlığı verdi və tədbir təşkilatçılarına öz minnətdarlığını bildirdi.

 

Şəhid Vaqif Abdullayevin keçdiyi həyat yolunun gənclərə və gələcək nəsillərə aşılanmasının zəruri olduğunu vurğulayan Hacı İlham Əliyev, şəhidin yolunun İmam Hüseyn(ə)-ın ideologiyasından və məktəbindən qaynaqlandığını söylədi.

 

 

“1400 ildir İmam Hüseyn(ə)-ın Kərbəla hadisəsi ilbəil daha əzəmətli və yüksək formada insanlar tərəfindən qeyd edilir. Tarixdə minlərlə qətliam və faciəvi hadisələr baş versə də, onların heç biri İmam Hüseyn(ə)-ın hadisəsi kimi yad edilmir. Bu onun göstəricisidir ki, İmam Hüseyn(ə)-ın inqilabı şəxsi, maddi və dünyəvi maraqlar üzərində qurulmayıb. Bu inqilab daha bir ülvi hədəf üçün idi ki, sonda haqqın batil üzərində təcəllası ilə nəticələndi. Ona görə də nə qədər ki, dünya mövcud olacaq İmam Hüseyn(ə)-ın inqilabı və Aşurası da mövcud olacaq. O, Həzrət Mədinədən çıxarkən də öz hədəfini bəyan etmişdir ki, mən insanları pisliklərdən çəkindirib, yaxşılıqlara dəvət etmək üçün gedirəm. İmam Hüseyn(ə) üçün yaxşılığın meyarı isə insanı behiştə və cənnətə aparan əməldən ibarət idi. Necə ki, İmam Əli(ə) buyurub ki, o əməl ki, səni sonda behiştə aparacaq, həmin əməl yaxşı əməl adlanır. Pis əməl isə bunun əksində duran və insanı cəhənnəmə aparan əməllərdir. İmam Hüseyn(ə) inqilabı ilə dünyaya bəyan etdi ki, behiştə gedən yolun göstəricisi mənəm və mənim müdafiə etdiyim dəyərlərdir ki, həmin dəyərlərə əməl etməklə həqiqi cənnətə qovuşa bilərsiz. Bu əzəmətin nəticəsidir ki, nəyin ki, müsəlmanlar, digər dinlərin və ideologiyaların daşıyıcıları da İmam Hüseyn(ə)-ın qarşısında təzim edir və onun hörmətini saxlayırlar.“

 

Şəhid Vaqif Abdullayevin də İmam Hüseyn(ə)-ın məktəbindən qədəm götürdüyünü və o yoldan dərs aldığını söyləyən Hacı İlham Əliyev “bu çox böyük səadət və xoşbəxtlikdir ki, hər insana qismət olmur. Allah bu dünyada olarkən şəhidlərin son nəfəslərində onların bütün günahlarını bağışlayaraq ülvi məqamlarını göstərir”, - deyə bildirdi:

 

Bundan sonra çıxış üçün söz AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verildi. Növrəstə xanım çıxışı zamanı bildirdi ki, şəhid Vaqif Abdullayev olduqca yüksək əxlaqi dəyərlərə sahib bir şəxs idi.

 

 

 

Özünün və övladlarının şəhidlik məqamına yüksəlməsinin ən böyük arzusu olduğunu söyləyən Növrəstə İbrahimova, bununla bağlı Vaqif Abdullayevin özünə və ailəsinə qibtə etdiyini söylədi: “Vaqif Abdullayevin ixlasının və gözəl şəxsiyyətinin nəticəsi idi ki, Allah sonunda şəhidlik məqamı ilə mükafatlandırıldı. ”

 

Sonra çıxış edən keçmiş siyasi məhbus Hilal Məmmədov bildirdi ki, hazırda ölkədəki islami-cameə olduqca çətin dövrlərini yaşayır. Vaqif Abdullayevin 1990-cı illərdən tanıdığını söyləyən Hilal bəy, “o həqiqətən heç bir əsas olmadan həbs edilmişdir. Həbsxanada keçirdiyi xəstəlik dövründə azadlıq buraxılmalı idi.

 

Təəssüf ki, onu azadlığa buraxmadılar və zindan vəfat etdi”, - deyə bildirdi: “Vaqif Abdullayev olduqca dəyərli və yüksək əxlaqi keyfiyyətlərə sahib ir şəxs və siyasi xadim idi. Allahdan ona rəhmət və yaxınlarına səbr arzu edirəm. ”

 

Nardaran Ağsaqqalı Hacı Fəyyaz Nəbizadə isə çıxışı zamanı bildirdi ki, Hacı Vaqif Abdullayev öz ədəbi, əxlaqi, mərdliyi və digər müsbət keyfiyyətləri qəlblərin sevgisini qazanmışdı. Allahdan ailəsinə səbr və özünə rəhmət diləyirəm.

 


AİP funksioneri Akif Heydərli isə çıxışı zamanı hər kəsə Şəhid Vaqif Abdullayevin seçimini arzuladı. Vaqif Abdullayevin alternativ yolların olmadığı bir zamanda zindanı və ilahi yolu seçdiyini söyləyən Akif Heydərli, “Vaqif Abdullayev şəhidliyə gedən yolu seçmişdi ki, sonunda da şəhidliyə qovuşdu. Onu sevən insanlar sayı çoxdur və bu sevgi də onun keçdiyi yolun böyüklüyündən, şəxsiyyətinin əzəmətindən xəbər verir” – deyə bildirdi:

 

 

Bundan sonra çıxış edən AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Həsən Məmmdədov isə çıxışı zaman vurğuladı ki, Vaqif Abdullayev həm ziyalı idi, həm də ki, mənəvi bir şəxs idi.

 

Şəhadət sözünün məhəbət sözünə sinonim olduğunu söyləyən Həsən bəy, “əslində şəhadətə yetişənlər ilahi məhəbbətlərini izhar edən insanlardır. Əslində şəhadətin mövcudluğu ilahi dəyərlərin bu günə qədər gəlib çıxmasına şərait yaradıb. Şəhadət aydınlığa aparan bir yoldur. Vaqif Abdullayev də bu aydınlığa gedən yolu başı uca formada keçdi” – deyə bildirdi.

 

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə çıxışı zamanı vurğuladı ki, Vaqif Abdullayevi təkcə biz yox, ümumilikdə cəmiyyət itirdi: “Vaqif Abdullayev dünyasını dəyişəndə öz qardaşını itirəndə hansı hissləri keçirmişdimsə, eyni ilə həmin hissləri keçirdim. O, mənəviyyatlı və ləyaqətli bir insan kimi yaşadı, o cür də dünyasını dəyişdi.”

 

 

Şəhid Vaqif Abdullayevin qızı Emilya Vaqif isə çıxışı zamanı bildirdi ki, atası daima Kərbəla məktəbindən dərs almağa çalışıb və həmin dəyərlərlə yaşamağa çalışırdı. Ən böyük arzusu da məhz bu yolda şəhidlik dərəcəsinə yüksəlmək idi ki, sonda da arzusuna yetişdi.

 

 

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli də şəhidin ailəsinə səbr, özünə isə Allahdan rəhmət dilədi: “Şəhid Vaqif Abdullayev kimi dəyərli insanlar islami dəyərləri bizlərə gəlib çatmasında böyük zəhmətləri olub. O, olduqca sadə, məsuliyyətli və mərd bir insan idi. Eyni zamanda o, əsas ideal ailə başçısı idi.”

 

 

Sonda çıxış üçün üçü söz şəhid Vaqif Abdullayevin həyat yoldaşı Gülzar Abdullayevaya verildi. Gülzar xanım çıxışı zamanı tədbir iştirakçılarına və təşkilatçılarına öz təşəkkürü bildirdi və həyat yoldaşının şəhidlik mərtəbəsinə ucaldığına görə fəxarət hiss keçirdiklərini söylədi..(islaminsesi)
 

Google+ WhatsApp ok.ru