`Əhalinin gəlirləri qiymət artımı ilə ayaqlaşmır`

`Əhalinin gəlirləri qiymət artımı ilə ayaqlaşmır`

"Novoye Vremya" qəzetində isə diqqəti "Əhalinin gəlirləri qiymət artımı ilə ayaqlaşmır" sərlövhəli yazı cəlb edir.
 
Yazıda bildirilir ki, ölkədə manatın məzənnəsi sabit qalsa da, istehlak mallarının, ilk növbədə isə ərzaq məhsullarının qiymətləri artmaqda davam edir:
 
"Dayanıqlı İnkişaf" Təhqiqat Mərkəzinin monitorinqinin nəticələrinə görə, istehlak səbətinin mövsümi dəyişikliklərə məruz qalmayan əsas assortimentləri üzrə qiymət artımı yayda müşahidə edilib.
 
Yazıda rəsmi statistikaya istinadən xatırladılır ki, avqust ayında qeyri-ərzaq məhsulları 0.1, əhaliyə xidmət tarifləri 0.2, ərzaq məhsulları 0.3 faiz bahalaşıb. Bütünlükdə son bir ildə ərzaq məhsullarının 18.2 faiz bahalaşdığı açıqlanıb.
 
Müəllif vurğulayır ki, son vaxtlar ətin bahalaşması xüsusi narahatlıq doğurur.
 
Yazıda daha sonra Dövlət Statistika Komitəsinə istinadən orta aylıq əmək haqlarının artması barədə göstəricilərə toxunulur:
"Əgər bu idarənin dediklərinə inansaq, Bakıda orta aylıq maaşlar artıb. Deyilir ki, bu il iyulun 1-nə 97.7 min nəfər muzdlu əməkçi çalışıb. Yanvar-iyul aylarında bu işçilərin orta aylıq maaşları 8.3 faiz artıb. Ölkə üzrə orta aylıq əməkhaqqı 523.1 manatdır".
 
Müəllif rəsmi rəqəmlərə şübhə ilə yanaşır. Yazıda vurğulanır ki, həm orta aylıq əməkhaqqının həcmi, həm də artım şişirdilir.
"Rəsmi statistikaya əsasən, 2016-cı ildə ölkə üzrə alınan maaşlar 1.514 milyon manat təşkil edib. Ancaq 15 faiz işçinin maaşı 500 manatdan yuxarı qalxır. 57.1 faiz əməkdaş 300 manat həcmində maaş alır. Elə bundan da irəli gələrək deyə bilərik ki, orta aylıq maaş 250 manatdan yuxarı deyil", - ekspert Rövşən Ağayev qəzetə deyib.
 
Müəllif bildirir ki, əhalinin gəlirləri bir elə artmayıb. Yazıda vurğulanır ki, hətta rəsmi statistik rəqəmlərə görə, inflyasiya əhalinin gəlirlərini, az qala, iki dəfə üstələyib. /

Google+ WhatsApp ok.ru