Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib - Ekspert

Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib - Ekspert

Bakupost.az saytında «Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib –Ekspert» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda ölkə banklarının bu ilin üçüncü rübü üzrə hesabatları ekspert Əkrəm Həsənovla müzakirə edilib.
 
Ə.Həsənov bankların hesabatları dərc etmələrini müsbət hal adlandırır: «İki il əvvəl bankların əksəriyyəti hesabatlarını dərc etmirdi. Bu, qanunun pozulması idi. Hesabatların dərc olunması bank sistemində şəffaflığın artmasına dəlalət edir».
 
Amma ekspertin deməsinə görə, iş praktikasına əsasən son illər bankların hesabatlarına etibar etmir: «Bu da əsasən problemli kreditlərlə bağlıdır. Banklar problemli kreditlərinin həcmini azaldır, nəticədə az ehtiyat yaradır, kapitallarını şişirdirlər. Əslində, zərərləri daha çoxdur. 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankı bağlamışdı. Palata bunun səbəbləri sırasında həm də hesabatlarının təhrif edildiyini vurğulamışdı».
 
Ə.Həsənov deyib ki, hesabatlara ümumi qiymət verilsə, bankların böhranı dəf edə bilmədikləri aşkar görünər: «Yəni, bankların problemli kreditləri əvvəlki qədər çoxdur, bəlkə də artıb. Yeganə müsbət cəhət banklarda əmanətlərin qismən artmasıdır. Bu, faktdır».
 
Ə.Həsənov təəssüflə qeyd edib ki, Mərkəzi Bank ağır vəziyyətdə olan banklara kredit vermir və buna görə də böyük ehtimalla qarşıda bir neçə bankın bağlanması gözlənilir: «Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib. Bəlkə də sayları daha çoxdur, çünki biz bankların həqiqi vəziyyətini bilmirik. Təəssüf ki, həmin bankların adlarını çəkmək olmaz…».
 
Ekspert hesab edir ki, ölkənin bank sisteminin sağlamlaşdırılması ilə bağlı fəaliyyət də uğursuzdur. Ə.Həsənovun fikrincə, buna da səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının aydın siyasətinin olmamasıdır. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru