Əli Kərimli azadlığa buraxılıb  - YENİLƏNİB2/VİDEO

Əli Kərimli azadlığa buraxılıb - YENİLƏNİB2/VİDEO

AXCP sədri Əli Kərimli azadlığa buraxılıb.
 
Turan-ın verdiyi xəbərə görə, bu barədə o Sevinc Osmanqızının verilişinə müsahibəsində bildirib. Əli Kərimli həbs edilərkən çoxsaylı işgəncələrə məruz qaldığını, döyüldüyünü, döyülərkən kameraya çəkildiyini, başına DİN Hospitalına altı tikiş qoyulduğunu bildirib.
 
 
***
Saat 17:00 radələrində Bakının mərkəzi küçələrində etirazlar başa çatıb. 
 
Turanın xəbərinə görə, bir sıra küçələrdən polis kordonları qaldırılıb. Amma metronun "28 May" stansiyasına keçidlər hələ də bağlıdır.
 
AXCP-nin məlumatına görə, yüzlərlə insan saxlanılıb. Bakı Baş Polis İdarəsindən bildiriblər ki, rəsmi məlumat bir qədər sonra yayılacaq.
 
Saxlanılmalar zamanı bir neçə jurnalist xəsarət alıb. Polis çəkiliş aparan reportyorlara maneə törədib. 
 
Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvləri Vahid Məhərrəmli və Tofiq Yaqublu da saxlanılıb. Onlar birlikdə Kərimlinin evindən çıxıblar, burada bir qrup fəal da onlara qoşulub.
 
Onlar bir neçə yüz metr irəliləməyə müvəffəq olublar. Heydər Əliyev Sarayının qarşısında Kərimli, Yaqublu və Məhərrəmli və digər fəallar güc tətbiq edilməklə saxlanılıb.
Bundan sonra ətrafda olan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Polis fəalları kütləvi şəkildə saxlamağa başlayıb. 100-ə yaxın insan saxlanılıb, onlar üç avtobusa mindirilib və naməlum istiqamətə aparılıb. 
 
Həmçinin "Azadlıq" qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmli saxlanılıb.
 
Şəhərin mərkəzində polis qüvvələri insanların 5-10 nəfərlik qruplar şəklində toplanmasına icazə verməyib. 
 
Mərkəzə və Bakının bir çox digər hissələrində İnternet kəsilib, mobil rabitədə fasilələr var.
 
Bir çox regionlarda, o cümlədən Gəncə, Masallı, Lənkəranda da internet kəsilib. 
 
AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, şəhərin müxtəlif yerlərində dağınıq halda insanlar hakimiyyət əleyhinə  şüarlar səsləndiriblər.
 
Verilən məlumatlara görə, jurnalistlərin də işləməsinə maneələr yaradılıb.
 
Etiraz aksiyasının bəzi iştirakçıları vurğulayıb ki, onlar rayonlardan gəliblər.
 
Amma saxlananlarla bağlı deyilənlərə, Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru