‘Kupça’sız evlərin qeydiyyat problemi’

‘Kupça’sız evlərin qeydiyyat problemi’

“Metbuat.az” ''Kupçasız'' evlərə qeydiyyat problemi” sərlövhəli məqalədə isə Bakı və Abşeronda qeydiyyata düşmək problemindən bəhs edilir.
 
Müəllifə görə, Azərbaycan vətəndaşları ölkənin istənilən ərazisində qeydiyyata düşmədən istədikləri qədər yaşaya bilərlər: “Ancaq bu gün qeydiyyata düşmək o qədər qəliz prosesə çevrilib ki, daimi yaşayış yerini dəyişən şəxslər belə bu prosesdən keçməmək üçün, yaşayış yerlərini dəyişdirmək istəmirlər”. Bu gün Bakıda 10 ildən artıq yaşayan minlərlə ailə var ki, hələ də bu şəhərdə qeydiyyata düşə bilməyiblər” deyə müəllif vurğulayır.
 
Müəllifə görə, məsələnin digər bir tərəfi isə hazırda övladını birinci sinfə qəbul olunmaq üçün sənəd hazırlayan valideynləri narahat edir. Orta məktəblərin birinci siniflərinə şagird qəbulu ücün sənəd hazırlayan valideynlər qeydiyyat məsələsi ilə əlaqədar olaraq ciddi problemlərlə üzləşirlər. Tələb olunan sənədlərdən biri də şagirdin sənəd verdiyi məktəbə yaxın bir ünvanda qeydiyyatda olmasını təsdiq etməlidir.
 
Əmlak üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Bakı və Abşeron ərazilərində yüz minlərlə çıxarışsız evlər var, çıxarışın olmaması səbəbindən vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmirlər.
 
Çıxış yolu isə ikidir: “… vətəndaş ya məhkəməyə müraciət etməli və yaxud da hansısa bir qeyri- qanuni sayılan əmələ əl atmalıdır. Qanunla ünvana qeydiyyata düşmə anlayışı həmin mülkə sahib olmaq demək deyil.
 
 
Yəni, vətəndaşın bir ünvanda qeydiyyatının olması onun o mülk üzərində mülkiyyət hüququna sahib ola bilməsi deyil.  Bu gün tək Bakı və Abşeronda qeydiyyatda olmadan milyondan artıq insan yaşayır”.
 

Google+ WhatsApp ok.ru