Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Ailə tərbiyəsi və irsiyyət qanununun əxlaqda təsiri-1

Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Ailə tərbiyəsi və irsiyyət qanununun əxlaqda təsiri-1

Bildiyimiz kimi, uşaqların ilk təlim-tərbiyə aldığı təhsil ocağı onun ailə mühiti hesab olunur. Bir çox əxlaqi məsələlər məhz orada inkşaf edərək pöhrələnir. Ailə sağlam və yaxud qeyri-sağlam mühitə malik olmasından asılı olaraq əxlaqi rəftarların inkşafında dərin təsirə malikdir. Həqiqətən də insan əxlaqının təməlinin ilk daşı məhz orada qoyulur. Bu mövzunun əhəmiyyəti işin ciddiliyi barədə düşünüldüyü zaman özünü biruzə verir. Diqqətlə düşündükdə görürük ki, əvvəla, uşaqlar çox tez təsirlənir, ikincisi isə kiçik yaşlarda uşağın ruhuna nüfuz edən hadisələr qalıcı və unudulmaz olur. İmam Əlidən (ə) nəql olunan bir hədisdə (ə) buyurulur: “Uşaqlara verilən təlim-tərbiyə eynən daş üzərinə həkk olunmuş yazı kimidir.” (“Biharul-ənvar”, c.1, səh.224.)

Uşaq bir çox əxlaqi xüsusiyyətləri atasından, anasından, qardaş və bacılarından götürür. Şücaət, səxavət, sədaqət, əmanət və bu kimi sifətləri uşaqlar ailənin böyüklərindən rahatlıqla mənimsəyirlər. Eyni zamanda, rəzil sifətləri olan, məsələn, yalan, xəyanət, iffətsizlik, natəmizlik və bunun kimi mənfi sifətləri də, həmçinin öz böyüklərindən götürürlər. Əlavə olaraq, ata-ananın əxlaqi sifətləri, həmçinin başqa yollarla da övlada ötürülür. Bu, genetik yolla həyata keçir. İnsan genləri təkcə cismani sifətlərə (ölçüyə, çəkiyə) malik deyil, eyni zamanda, ruhani və əxlaqi sifətlərə də malikdir və məhz bu yolla xasiyyətlər övladlara ötürülür. Amma bu sifətlər cismani sifətlərdən (valideynə oxşama və s.) fərqli olaraq sonradan dəyişilməyə qadirdir və uşaqdan məsuliyyəti götürən icbar bir xüsusiyyəti yoxdur. Başqa sözlə, ata və ana iki yolla övladının əxlaqının formalaşmasında rol oynayır. Bunlar “təkvin” (yaradılış) və “təşri” (qanunvericilik) yollarıdır. Təkvin dedikdə, burada nütfənin daxilinə həkk olan xüsusiyyətlər nəzərdə tutulur və istər-istəməz övlada ötürülür. Təşri dedikdə isə, düşünülmüş şəkildə aparılan təlim-tərbiyə nəzərdə tutulur, yaxşı və pis sifətlərin yaranma mənşəyi hesab olunur. Bəli, bu qeyd edilən iki nəsnənin heç biri icbari deyil, lakin insanın pis və yaxşı xüsusiyyətlərinə, ruhiyyəsinə şərait yaradan amillərdir. Çoxumuz öz gözlərimizlə görmüşük ki, pak, saleh, şücaətli və mehriban insanların övladları eyni ilə özləri kimi olur. Eyni zamanda əksinə, tərbiyəsiz ailələrin övladlarının da özlərinə bənzədiklərini görmüşük. Sözsüz ki, bu məsələ hər iki tərəfdə istisnalarla da müşayiət olunur. Bu isə onu göstərir ki, hər iki amil – vərəsəlik və tərbiyə – dəyişilməz və icbari xarakter daşımır. Qurani-Kərimə müraciət edək, müqəddəs kitabımızın bu haqda işarə etdiyi ayələri sözümüzə dəlil olaraq qeyd edə bilərik:

Birinci ayə: “Nuh” surəsi, ayə 27:

وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا. إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا

Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! “Çünki Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub törədəcəklər.”

Bu ayədə Nuh (ə) qövmündən söz açılır. Həzrət Nuh (ə) öz qövmünün ilahi əzabla məhv olmasını Allahdan istəyəndə öz istəyini bu dəlil vasitəsi ilə əsaslandırır. Buyurur ki, əgər onlar sağ qalsalar, Sənin sair bəndələrini də yoldan çıxaracaqlar, onlardan kafir bir nəsildən başqa heç nə törəməyəcək.

Bu sözlər onu göstərir ki, fasiq insanıarın nəsli də günah əhli olur. Yaradılış qanunlarına əsasən, onların yaşama haqları yoxdur və ilahi əzaba məruz qalaraq aradan getməlidirlər. Bu ifadə o həqiqəti çatdırır ki, cəmiyətin halı, ailə tərbiyəsi və hətta irsiyyət amili əxlaqda və əqidədə təsir buraxa bilər. Diqqəti çəkən məqamlardan biri də odur ki, Həzrət Nuh (ə) çox ciddi surətdə deyir: “Onların bütün övladları fasiq və kafir olacaq”. Çünki onların cəmiyyətində fəsad o qədər güclü idi ki, ondan qurtulmaq elə də asan deyidi. Amma bu, insanı ixtiyarsız özünə cəzb edən yüz faizlik icbari bir hal da deyildi. Bəzilərinin görüşlərinə görə, Həzrət Nuhun (ə) bu agahlığı ilahi vəhyə görə idi. Necə ki, Nuha (ə) buyurulur:

لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلاَّ مَن قَدْ آمَنَ

“Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək.” (“Hud” surəsi, ayə 36.)

Aydındır ki, bu ayə onların gələcəyinə şamil olunmur. Amma gələcək nəsillərlə bağlı qeyd edilən üç nəsnəyə görə (mühit, tərbiyə, ailə və irsiyyət) hökm oluna bilər. Bəzi rəvayətlərdə qeyd edilir ki, Nuh peyğəmbərin (ə) qövmünün kafir olanları öz övladları həddi-buluğa çatanda onları Nuhun (ə) yanına aparıb deyirdilər ki, gördüyünüz bu qoca kişi yalançıdır, ondan uzaq durun, mənə də vaxtında öz atam bunu demişdi (siz də öz övladlarınıza bunu çatdırın). Bu minvalla, bir-birinin ardı ilə fasiq nəsillər gəlib gedirdi. (“Fəcr” surəsinin təfsiri, Fəxri Razi; (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.147-150.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru