Açarsız avtomobilləri 10 saniyədə oğurlamaq mümkün imiş

Açarsız avtomobilləri 10 saniyədə oğurlamaq mümkün imiş

Bəzi açarsız avtomobillərin 10 saniyə ərzində oğurlana biləcəyi məlum olub.
 
Açarsız sistemlə işləyən avtomobillərdə sürücülər açarlarını ciblərindən çıxarmadan maşının qapısını aça bilir və hətta motoru da açarsız işə salırlar.
 
İngiltərənin "What Car?" adlı avtomobil jurnalı açarsız işləyən yeddi avtomobil modelinin etibarlılığını sınaqdan keçirib.
 
Test zamanı jurnalın ekspertləri "DS 3 Crossback" və "Audi TT RS" avtomobillərinin qapısını 10 saniyə ərzində aça biliblər. "Land Rover Discovery Sport TD4 180 HSE" avtomobilini isə 30 saniyə ərzində "oğurlamaq" mümkün olub.
 
Avtomobillərin etibarlılıq göstəriciləri
 
"DS 3 Crossback Puretech 155 Ultra Prestige" - 10 saniyədə oğurlanıb.
 
"Land Rover Discovery Sport TD4 180 HSE" (2018 modeli) - 30 saniyədə oğurlanıb
 
"Land Rover Discovery SD6 306 HSE" - ekspertlər qapını 20 saniyə ərzində açıblar, amma motoru işə sala bilməyiblər.
 
"BMW X3 xDrive20i M Sport" (2018 modeli) - 60 saniyə ərzində oğurlanıb. (Bu avtomobili ancaq "ağıllı açar" aktivkən oğurlamaq mümkündür).
 
"Audi TT RS Roadster" - 10 saniyə ərzində oğurlanıb (yalnız "ağıllı açar" aktivkən).
 
"Ford Fiesta 1.0 Ecoboost 140 ST-Line X" - 60 saniyə ərzində oğurlanıb (yalnız "ağıllı açar" aktivkən).
 
"Mercedes A-Class A220 AMG Line" - 50 saniyədə oğurlanıb (yalnız "ağıllı açar" aktivkən).
 
(Mənbə: "What Car?" jurnalı)
 
Qeyd olunan vaxt qapının açılması və motorun işə salınması müddətini göstərir.
 
"Audi"ləri istehsal edən "VW Group" şirkətinin nümayəndələri avtomobillərin etibarlılığını artırmaq üçün polislə əməkdaşlıq etdiklərini açıqlayıblar.
 
DS-in ana şirkəti olan "PSA Group" bəyan edib ki, avtomobillərdəki potensial təhlükəsizlik problemlərini aşkar etmək üçün polislə birlikdə oğruların metodlarını araşdırırlar.
 
Açıqlamada bildirilir ki, yeni avtomobillərdə sürücülər istədikləri zaman açarsız giriş sistemini söndürə biləcəklər.
 
"Jaguar Land Rover"-in açıqlamasında qeyd edilir ki, "Sınaqdan keçirilən "Discovery Sport" modeli artıq istehsal olunmur. Yeni "Discovery Sport"-da bu cür hücumların qarşısını ala biləcək texnologiya mövcuddur".
 
 Oğrular maşınları necə oğurlayırlar?
Oğrular, adətən, iki nəfərlik komanda halında fəaliyyət göstərirlər və evlərin qabağında park edilmiş maşınları hədəfə alırlar.
 
Oğrulardan biri əlindəki siqnalgücləndirici cihazla avtomobilin yanında durur. Bu cihaz maşından acara göndərilən siqnalı gücləndirir. Avtomobilin göndərdiyi siqnal evdəki açarı axtarır.
 
Digər oğru isə evin yaxınlığında dayanır. Onun əlindəki cihaz siqnalı təkrar avtomobilə qaytarır və bu yolla system çaşdırılır. Sahibinin gəldiyini "düşünən" maşın qapıları açır.
 
Avtomobil şirkətləri açarsız maşınları hədəf alan oğurluqlara mane olmaq üçün hərəkəttanıma texnologiyası kimi yeni sistemlər yaratmaq üzərində işləyirlər.
 
"What Car?" jurnalının ekspertləri bu sistemin olduğu maşınlara girə bilməyiblər. /bbc
 

Google+ WhatsApp ok.ru