Abituriyentlər yeni model sınaq imtahanına hazır olsunlar

Abituriyentlər yeni model sınaq imtahanına hazır olsunlar

“Tətbiq edilən yeniliklər şagirdlərdə  istənilən halda  həyəcan yaradır. Ümid edirəm ki, bir neçə sınaq imtahanından sonra abituriyentlər əldə etdikləri bilikləri daha yaxşı tətbiq edə biləcəklər”.
 
Maide.Az -ın verdiyi məlumata görə, bunu AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, ilk sınaq imtahanında abituriyentlərdən yüksək nəticə gözləməkdən çox, onların yeni imtahan vərdişlərini mənimsəmələrini istəmək lazımdır:
 
“Qəbul proqramının bu zamana qədər bəlli olmaması  2019-cu ildə keçirilən imtahanda nəticələrin aşağı olmasına təsir edəcək. Xüsusilə, Ədəbiyyat və Tarix fənlərində narahatlıq çoxdur.  II ixtisas blokuna Azərbaycan tarixi ilə yanaşı, dünya tarixi də əlavə olunub. III ixtisas blokunda isə  Ədəbiyyat  fənni üzrə suallar V-XI sinif  dərsliklərini əhatə edəcək. Tətbiq edilən yeniliklər şagirdlərdə istənilən halda həyəcan yaradır. Ümid edirəm ki, bir neçə sınaq imtahanından sonra abituriyentlər əldə etdikləri bilikləri daha yaxşı  tətbiq edə biləcəklər”.
 
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi növbəti aylar ərzində yeni qəbul modeli əsasında sınaq imtahanı keçirməyi planlaşdırır.
 
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyən etmə tipli tapşırıqlardır. 
 

Google+ WhatsApp ok.ru