Acı gerçək: bal çox, alan yox...

Cənub bölgəsinin əsas arıçılıq rayonu olan Astarada arıçılar bu il də bazar problemi ilə üz-üzə qalıb.
 
Məhsuldarlıq ötən ildəkilərdən yaxşı olsa da satış bazarı olmadığından arıçılar min zəhmət bahasına başa gələn məhsulu reallaşdırmaqda çətinlik çəkirlər.
 
Havaların əlverişli keçməsi nəticəsində Astara arıçıları bu il rekord məhsuldarlıq əldə edib. Hər arı ailəsindən təqribən 25 kilodan artıq məhsul tədarük olunub. Amma problem yenə qalır: tədarük olunan bu qədər məhsulu necə reallaşdırmalı?
 
Astarada 1000-dən yuxarı arıçı, 25 mindən çox arı ailəsi var. Rayonun Siyakü, Miki, Şüvi və digər dağətəyi kəndlərində əhalinin əsas dolanışığını arıçılıqdan əldə olunan gəlir təmin edir.
 
Bal mövsümünün ilk ayı arıçıların üzünü güldürsə də məhsullarına alıcı tapa bilməmələri ciddi narahatlığa səbəb olub.
 
“Arı yaxşı inkişaf edib. 115-120 arı ailəsindən demək olar ki, 3 tona yaxın məhsul əldə eləmişik. Amma satış bazarımız yoxdur. İndiyə qədər tədarük etdiyimiz məhsulun 5 faizini sata bilməmişik” - deyə Astara Arıçılar Assosiasiyasının sədri Arif Nəzərov ANS TV-yə bildirib.
 
Arıçılar deyir ki, keçmiş ittifaq dönəmində tədarük satış bazalarının olması onların karına gəlib. Məhsullarını elə qapıdaca təhvil verib haqqını alıblar.
 
“Xahiş edirik məhsulu gəlib bizdən öz yerimizdə alsınlar. Ya da bizim üçün bir tədarük məntəqəsi olsun ki, biz öz məhsulumuzu ora təhvil verək. İldə də bir dəfə sərgi olur. Orada da alverçilər qoymur, imkan vermirlər ki, biz məhsulumuzu rahat şəkildə sataq” - deyə arıçı Yaşar Ağayev qeyd edib.
 
Məhsulun xarici, eləcə də paytaxt bazarına çıxarılmasını satış probleminin həll yolu hesab edən arıçılar rayonlarda müasir qablaşdırma sexlərinin təşkilini də vacib sayır.
 
Səlahiyyətli qurumların satış probleminə vaxtında müdaxilə etməsi bu sahənin inkişafına marağı artıra bilər.

Google+ WhatsApp ok.ru