Ali məktəbi bitirən məzunlar sonra niyə iş tapa bilmirlər?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkədə kadr hazırlığı ilə bağlı etdiyi açıqlama diqqət mərkəzindədir. Bu gün Azərbaycanda dövlət qulluğuna verilən imtahanda keçməyən məzun heç bir halda dövlətə xidmət edən qulluqçu ola bilməz.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının binası yəqin ki, çoxlarına tanışdır. Çünki ali məktəbi bitirib iş axtaranları böyük əksəriyyəti məhz bu qurumun imtahanlarında iştirak edir.

ANS TV-nin məlumatına görə, arzusu dövlət qulluğunda çalışmaq olan Araz Nurəddinov da komissiyanın işə qəbul imtahanında iştirak edənlərdəndir. Özü də o, nə az, nə çox, düz 7 dəfə dövlət qulluğuna imtahan verib. İki mərhələdən ibarət olan işə qəbul imtahanının test mərhələsində uğurlu nəticə əldə edə bilsə də sonrakı mərhələdən keçə bilmir. Azərbaycan Xarici Dillər Unviversitetinin tələbəsi olan, 5 illik iş təcrübəsinə malik Araz Nurəddinovun müsahibə mərhələsindəki baryeri hansı səbəbdən aşa bilməməsi maraqlıdır.

Araz Nurəddinov deyir ki, müsahibə mərhələsini keçmək hər dəfə də müəyyən səbəblərdən əngəllənir: "Bunu isə başa düşmürəm, bir il dörd aydır ki, işsizəm, işləmək istiyirəm".

Araz Nurəddinov kimi namizədlər nə birdir, nə də iki. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi test imtahanından narazı olmayanlar deyir ki, müsahibə mərhələsinə azı 5-6 namizədlə girsə də, nədənsə dövlət qurumu işçi götürmək əvəzinə vəzifələri vakant saxlamağa üstünlük verir. Elə əbəs yerə deyil ki, bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də çıxışında demişdi ki, Dövlət Qulluğuna qəbul edilən şəxslər günün tələbinə cavab vermir. Bu isə imtahanda yaxşı nəticələr əldə edənlərin dövlət qulluğuna işə götürülməmələri ilə bağlıdır. Ötən gün Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı millət vəkili Zahid Oruc da bu problemə toxundu.

“Dövlət Qulluğu üzrə Komissiya ona görə yaradıldı ki, şəffaflıq təmin olunsun. Qohumluq, tanışlıqla işə götürülməsin. Amma həqiqətdə nə baş verir. Test imtahanını keçirlər, ikinci mərhələdə dirənib qalırlar”.

7 ildir ki, dövlət qulluğuna işə qəbul imtahan əsasında aparılır. Bu müddət ərzində 45 min namizəd sənəd verib ki, onlardan 4 mini dövlət qulluqçu kimi işə qəbul olub. Dövlət Qulluğu üzrə Komissiyanın İnsan Resurslarının İdarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn deyir ki, hər il imtahanda iştirak edən 7 min namizədin 70 faizi imtahandan keçə bilmir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Afaq Hüseyn qeyd edir ki, namizədlər ya müsahibə mərhələsinə hazırlaşmırlar, ya da bazaları güclü olmur, qoyulan sualları tam şəkildə cavablandıra bilmirlər.

Müsahibə mərhələsində nəzəri biliklərin praktik təcrübəsi soruşulur ki, bu qiymətləndirməni də dövlət qulluğu komissiyasından, müstəqil ekspertdən və vakant vəzifəni təqdim qurumun nümayəndəsindən ibarət üç şəxs aparır. Ötən bir il ərzində imtahan nəticəsində 82 nəfəri dövlət qulluqçusu kimi işə qəbul edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri namizədlərin müsahibə mərhələsindən keçə bilməməsinin səbəblərini açıqladı.

“Dövlət qulluqçusu məhfumu böyükdür. Bizdə məsələn sosial sahədir. Birincisi burada onun özünü aparması qanunları necə anlayıb tətbiq edilməsi vacib şərtdir” – deyə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyev bildirib.

Müsahibə mərhələsində müstəqil ekspert kimi iştirak edən Sahib Məmmədov isə deyir ki, bəzən onlar namizədin cavabını yüksək qiymətləndirsə də, dövlət orqanlarının nümayəndələri cavablara az qiymət verir. Problem də bundan sonra yaşanır. Amma bununla yanaşı ekspert bəzi namizədlərin test imtahanını yalnız əzbərçiliklə keçməsini də gizlətmir. Əksər vaxtlar müsahibə mərhələsində məhz onların ilişdiyini deyir. Yüksək potensiala malik gənclər isə dövlət qulluğu imtahanlarında iştirak etmir.

“Yüksək potensiala malik olanlar əmək haqqı az olduğuna görə dövlət qulluğnda çalışmağa gəlmir. Çünki, əmək haqqı 5-ci təsnifat üzrə 180 manatdan başlayır”.

Hər il ali məktəbləri 25 mindən artıq məzun bitirir. Bunların içərisində təhsil aldıqları dövrü hədər etməyib ixtisasına yaxşı mənimsəyənlər də var sadəcə diplomum olsun deyə ali məktəbi bitirənlər də. Bu gün həqiqətən peşəkar gənc kadrlara ehtiyac varsa, onda gərəkdir ki, dövlət qurumları onların marağını özünə çəkə bilsin. Ən böyük maraq isə yüksək əmək haqqıdır. /

Google+ WhatsApp ok.ru