Ali Məhkəmədə baxılan işlərin sayı niyə artıb?

Müzəffər Baxışov: `Əsl həqiqət odur ki, ölkədə məhkəmə hakimiyyəti mövcud deyil`»

Xəbər verildiyi kimi, Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayının artdığı bildirilib.
 
Bu barədə Ali Məhkəmənin plenum iclasında bildirilib. Qeyd edilib ki, mülki kollegiyada baxılan işlərin sayı 2014-cü illə müqayisədə 15,2 faiz, inzibati-iqtisadi kollegiyada 3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz artıb. Hərbi kollegiyada isə baxılan işlərin sayı 17,2 faiz azalıb: “Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdırsa, 2015-ci ildə bu rəqəm 9404 olub, yəni 8,5 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb. 2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəmənin plenumunun 2015-ci ildə 5 iclası keçirilib, 12 qərar qəbul edilib”.
 
Hüquqşünas Müzəffər Baxışov "Azadlıq"a münasibət bildirməzdən öncə, Ali Məhkəmə sədri Ramiz Rzayev və ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetinə verdiyi müsahibələri xatırladır. Müzəffər bəy deyir ki, müsahibə verən həmin şəxslər insanların məhkəmələrə inamının artdığı və onların Ali Məhkəməyədək gedib çıxdığını bəyan edirlər:
 
“Hansı ildə ki, Ali Məhkəmədə baxılan işlərin sayı azalır, onlar ilk və atesstasiya məhkəməsində işlərə ədalətlə baxıldığına görə  Ali Məhkəməyə daxil olan şikayətlərin  azaldığını deyirlər. Əslində, bu fikirlərin heç biri həqiqət deyil. Əsl həqiqət odur ki, ölkədə məhkəmə hakimiyyəti mövcud deyil. Görünüş üçün yaradılmış məhkəmə qurumları fəaliyyət göstərir. Orda işləyənlər hakim ədalətinə, vəzifəsinə, şərəfinə layiq deyillər. Baxılan işlər də Konstitusiyaya, qanunlara, ədalət prinsiplərinə uyğun deyil. Ali Məhkəmədə baxılan işlərin sayının artması heç də müsbət məqama söykənmir. Insanların müəyyən problemləri olanda məcburiyyət qarşısında qalaraq məhkəmələrə müraciət edirlər. Onlar Ali Məhkəmənin qərarından sonra Avropa Insan Hüquqları Məhkəməsinə müraciət edirlər. Ölkədə məhkəmə hakimiyyəti mövcud deyil, onlar icra hakimiyyətinin tam nəzarəti altındadır və göstərişləri icra edirlər”.

Google+ WhatsApp ok.ru