Altay Göyüşov: “Təhsilə ayrılan maliyyə ilə universitetlərdən yüksək nailiyyət gözləməyə dəyməz”

Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin reytinqini - "World Reputation Ranking-2016"nı açıqlayıb. Siyahıya dünyanın müxtəlif guşələrindən 100 universitetin adı daxil edilib.

 

Ötən il olduğu kimi, birinci yeri Harvard universiteti (ABŞ) tutub. İkinci pillədə Massaçusets Texnologiya İnstitutu (ABŞ), üçüncü yerdə Stenford universiteti (ABŞ) qərarlaşıb. Siyahıda dördüncü və beşinci yerləri Böyük Britaniyanın Kembric və Oksford universitetləri tutub. "World Reputation Ranking-2016"da Azərbaycan universitetlərindən heç birinin adı yoxdur.

 

Tarixçi alim Altay Göyüşov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycan universitetlərinin həmin siyahıya düşməməsi təbiidir: “Hər reytinqin özünün metodologiyası var və bunlar müxtəlif cür ola bilər, amma meyyarlar oxşardır.

 

Burada ilk olaraq universitetdə aparılan tədqiqatların sayı, və o tədqiqatlar ki, onlardan iqtibas gətirilir, çox mühüm bir amil kimi nəzərə alınır. Azərbaycandakı ali məktəblərin durumu isə aydındır. Azərbaycandakı elmi əsərlərin iqtibas sayı dünyada çox az sayda qəbul edilib. Digər tərəfdən dünyanın məşhur elmi jurnallarında çap olunan elmi məqallələrin sayı da ciddi amil kimi qəbul edilir. Bu nöqteyi nəzərdən də Azərbaycanda durum ürəkaçan deyil. Biz hətta qonşu ölkələrdən belə geri qalırıq. Bu baxımdan Azərbaycan ali məktəblərinin bu siyahıya düşməməsi heç də təəccüblü deyil.

Azərbaycanda yüksək meyyarlara cavab verən ali məktəblər demək olar ki, yoxdur. Amma burada müəyyən istisnalar da var. Məsələn, ADA kimi universitetlər müəyyən işlər görür. İlk olaraq bu ali məktəbin yaşı olduqca azdır. Müvafiq səviyyəyə hələ gəlib çatmayıb. Universitetdə işləyən müəllimlər savadlıdırlar, xaricdən gəliblər, amma elmi nailiyyətlər hələ o dərəcədə deyil ki, universitet yüksək pillələrə çıxsın. Klassik universitetlərdən olan BDU-nun ciddi ənənələri olmasına baxmayaraq, baş verən tənəzzül bu ali məktəbin yüksək reytinqli ali məktəblərlə eyni reytinq cədvəllərində təmsil olunmasına imkan vermir.

Mövcud problemləri həll etmək üçün çox ciddi islahatlar lazımdır.  Ən əsası isə elmə olan yatırımlar xeyli dərəcədə yüksəlməlidir. Bu il büdcədə Azərbaycan təhsilinə ayrılan maliyyə vəsaiti azalıb, amma əksinə idmana ayrılan vəsaitin həcmi artıb. Bu şəraitdə bizim universitetlərdən yüksək nailiyyət gözləməyə dəyməz.

Təbii ki, burada siyasi məsələlər də var. Universitetləri irəliyə aparan əsas şərtlərdən biri akademik azadlıq məsələsidir. Bizdə demək olar ki, akademik azadlıq məsələsi yoxdur. Kimsə fikirlərşə bilər ki, akademik azadlıqların olması elmi inkişafa heç bir təsiri yoxdur. Amma bu elə deyil. Azərbaycanda olan ali məktəblərdəki müəllimlərin siyasi cəhətdən bu hakimiyyətə loyallığı əsas amillərdəndir. Vaxtı ilə Azərbaycanda müxtəlif sahələrdə çalışan alimlərin adi tənqidi fikirlərinə görə, ciddi təzyiqlərə məruz qaldığını bilirik. Bu şəraitdə aydın məsələdir ki, bizdə inkişafdan danışmaq mümkün deyil”. /

Google+ WhatsApp ok.ru