Şamaxıda da sel fəsadlar törədib

Şamaxıda da sel fəsadlar törədib

İyunun 12-si aramsız yağan yağışdan sonra selin Şamaxı ilə bu rayonun bəzi kəndlərinin avtomobil əlaqəsini kəsdiyi bildirilir.
 
«Report»un xəbərinə görə, günün ikinci yarısında güclü leysan nəticəsində çaylarda suyun səviyyəsi artıb.
 
Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndləri sel basdığı qeyd edilir.
 
Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolun üzərindəki körpülərin uçduğu, rayon mərkəzi ilə əlaqənin kəsildiyi bildirilir.
 
Xəbərə görə, kənd sakinləri selin fərdi təsərrüfatlara da xeyli ziyan vurduğunu deyirlər. İri və xırda buynuzlu heyvanlar, ev quşları arasında xeyli tələfat olduğu bildirilir. Hazırda rayon icra hakimiyyətinin yerli orqanlarının seldən zərər çəkmiş ərazilərə baxış keçirdikləri bildirilir. 
 
Oxşar hadisənin İsmayıllı və Göyçay rayonunda da baş verdiyi deyilir. İsmayıllı ilə bu rayonun 10-a yaxın kəndinin avtomobil əlaqəsinin kəsildiyi söylənir.
 
İsmayıllının 10 kəndi ilə əlaqə kəsilib
 
İsmayıllı rayonunda 10-dan çox kəndi sel basdığı, evlərin, yolların, körpülərin dağıldığı deyilir. Oğuz-Qəbələ-Bakı içməli su kəmərinə ciddi təhlükə yarandığı bildirilir.
 
APA-nın xəbərinə görə, iyunun 12-si saat 15:00 radələrində yağıntı leysana çevrilib. Nəticədə sel rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
 
Güclü sel sularının Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmilərini basdığı bildirilir. Taxıl və üzüm sahələrinin, meyvə-tərəvəz bağlarının məhv olduğu, toyuq-cücə və mal-qara arasında tələfat olduğu qeyd edilir. Bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolunun isə dağıldığı bildirilir. 10-a yaxın kəndin Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel yuyub apardığından, rayon mərkəzi ilə avtomobil əlaqəsinin kəsildiyi deyilir. 
 
Ümumilikdə, 200-dən çox evin zirzəmisini, həyətyanı sahələrini su basdığı, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililərin xəsarət gördüyü qeyd edilir.
 
Xəbərdə bildirilir ki, üstəlik, sel rayonun Çayqovuşan kənd sakini 12 yaşlı Səbinə Sadıqovanı aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının üzərindəki piyada körpüdən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb. Kənd sakinləri 12 yaşlı qızı xilas ediblər. İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib, hazırda reanimasiya şöbəsindədir.
 
 

 

Google+ WhatsApp ok.ru