Ana və uşaq ölümü: valideyn, yoxsa həkim səhlənkarlığı?

Ana və uşaq ölümü: valideyn, yoxsa həkim səhlənkarlığı?

Həkim: “Dünyaya sağlam körpə gətirmək üçün cütlük hamiləlikdən əvvəl həkimə müraciət etməlidir”
 
Bir neçə gün öncə Sumqayıt şəhər 1 saylı Doğum Evində ana və körpəsi doğuş zamanı ölüb. 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də dünyasını dəyişib. Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər.
 
Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Doğuşa Yardım Komissiyasının sədri Sevinc Məmmədova Sumqayıtda baş verən ana və körpə ölümünün dəqiq səbəbinin 10 gündən sonra məlum olacağını bildirib.
 
Ümumiyyətlə, doğuş zamanı ana və uşaq ölümlərinə tez-tez rast gəlinir. Bir sıra ekspertlər bu cür faciəvi hadisələrdə həkimi günahlandırsalar da, valideynlərdə də günah olduğunu deyənlər var. Bəzən elə olur ki, hamilə qadın həkim nəzarətində olması lazım olduğu halda bunu gecikdirir. Bəzən isə elə hallar olur ki, ailə kasıb olduğu üçün həkim müayinəsindən keçə bilmir və həkimə yalnız 9 ayının tamamında gedir.
 
Təəssüflə qeyd edək ki, hətta bir sıra kəndlərdə hamilə qadınlar körpələrini ev şəraitində, professional olmayan bir həkimin və ya heç bu sənətin sahibi olmayan şəxsin köməkliyi ilə dünyaya gətirir ki, bu da əksər hallarda ana və ya uşağın ölümü ilə nəticələnir. Gec həkim qəbuluna düşmək və özbaşına hamiləlik dönəmi təəssüf ki, bu cür faciəli halların sayını artıran səbəblərdəndir.
 
Maraqlıdır, bəs qadın hamiləliyinin neçənci ayından həkim nəzarətində olmalıdır? Ümumiyyətlə, dövlət imkansız analar üçün hansısa tədbir görməlidirmi ki, onlar həkim nəzarətində təmənnasız ola bilsin?
 
Uzman cərrah-ginekoloq Nərmin Qəribova bildirdi ki, müəyyən önləyici tədbirlər görülsə, ana ölümlərinin təxminən 48 faizinin qarşısı alına bilər: “Son illər ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlər nəticəsində ölüm faktları azalıb. Hamilə qadının vaxtı-vaxtında qadın məsləhətxanasına getməməsi, lazımi müayinələrdən keçməməsi, dinamik müşahidədə olmaması, doğuş üçün müvafiq doğum evini seçməməsi, doğum evlərinə çox gec və ağır vəziyyətdə daxil olmasını baş verən əksər ana və uşaq ölüm hallarının əsas səbəbi kimi göstərmək olar. Ancaq istər normal, istərsə də qeysəriyyə əməliyyatı olsun, əsasən ana ölümlərinin başlıca səbəbi bütün dünyada olduğu kimi, təxminən 30-40 faiz hallarda qanaxmalardan irəli gəlir. İkinci səbəb isə əməliyyat sonrası problemlərlə əlaqədardır. Ürək problemləri, tromboemboliyalar ola bilər. Üçüncü yerdə isə əməliyyatsonrası dövrdə olan infeksiyalar durur. Ancaq dünya praktikasında belə nəticəyə gəliblər ki, ümumiyyətlə, bütün dünyada - istər ABŞ, Kanada, Avropanın inkişaf etmiş ölkələri olsun, istərsə də digər ölkələr, ana-uşaq ölümlərinin əvvəlcədən səbəbləri bilinsə, müəyyən önləyici tədbirlər görülsə, ana ölümlərinin təxminən 48 faizinin qarşısı alına bilər”.
 
Həkimin sözlərinə görə, ana və uşaq ölümlərinin əsas səbəbi ağırlaşmış, normal gedişli olmayan hamiləlikdir: “Çox vaxt belə ağır xəstənin klinikaya son anda müraciət etməsi bəzi mənfi halları qaçılmaz edir. Qadın hamilə olduğunu öyrəndiyi andan etibarən ilk 3 ay ərzində mütləq həkim nəzarətindən keçməli, lazımi analizləri verməlidir. Vəziyyətə uyğun olaraq hamiləliyin bəlli həftələrində təkrar həkim nəzarətindən keçməlidir. Təəssüf ki, bu, həmişə mümkün olmur. Yaşayış şəraiti, maddi problemlər bəzən sağlamlığın önünə keçə bilir. Bunun üçün qadın məsləhətxanaları fəaliyyət göstərməkdədir.
 
Ancaq bununla yanaşı, xarici dövlətlərdə olduğu kimi, dövlət proqramı və ya sağlıq sığortası ilə bu problemlər aradan qaldırıla bilər. Dünyaya sağlam körpə gətirmək üçün ailə cütlüyü hamiləlikdən əvvəl həkimə müraciət etməlidir. Qan qrupu və rezus-faktor müəyyən olunmalıdır, həkimin hamiləlik öncəsi məsləhətlərini almalıdırlar. ”Bir narahatlığım yoxdur" deyib laqeyd yanaşmamalıdırlar. Qadın hamiləliyin əvvəlindən doğuşa qədər həkim nəzarətində olmalı, sağlamlığında hər hansı narahatlıq hiss etdikdə dərhal etibar etdiyi həkiminə müraciət etməlidir".  (musavat) /

Google+ WhatsApp ok.ru