Ancaq yeməyə və geyimə pul çatdıran rusiyalıların sayı artır

Ancaq yeməyə və geyimə pul çatdıran rusiyalıların sayı artır

2019-cu ildə gəlirləri yalnız yemək və geyim almağa çatan rusiyalı ailələrin sayı artıb. Bu haqda “RBK” portalı Rusiyanın statistika idarəsinə istinadla yazır. Belə ailələrin kompüter, soyuducu, paltaryuyan maşın, mebel kimi uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş əşyalar ala bilmədiyi vurğulanır.
 
2019-cu ilin birinci rübündə ancaq yemək və geyimə pul çatdıran ailələrin çəkisi 49,2% olub ki, bu da ötən ilin oxşar göstəricisindən 0,2 faiz artıqdır. İkinci rübdə belə ailələrin sayı yüksələrək 49,4% olub, yəni ötən ildəkindən 0,6 faiz çox.
 
Beləliklə, bu cür yaşayan ailələrin sayı həm rüblük, həm də illik göstəricilər üzrə artmaqdadır. Rosstat onu da qeyd edir ki, oxşar dolanışıqlı ailələrin sayı ən aztəminatlı kateqoriyanın azalması hesabına baş verir. 2019-cu ili birinci rübündə Rusiyadakı ailələrin 15,2 faizi ancaq yeməyə pul çatdırdığını deyib. 2018-ci ilin birinci rübündə bu cür deyənlərin sayı 16,7 faiz idi.
 
Pulu yalnız yeməyə və geyimə çatan ailələr daha çox bu regionlardadır:
 
İnquşetiya – 78,8%
 
Çuvaşiya – 70,6%
 
Nenets muxtar dairəsi – 69,7%
 
Krasnodar diyarı – 69,2%
 
Ancaq yeməyə pul çatdırdığını, geyim almağa pulu qalmadığını deyən ailələr isə daha çox bu regionlarda yaşayırlar:
 
Altay Respublikası – 37%
 
Penza vilayəti – 31,6%
 
Kabarda-Balkariya – 30,1%
 
Ryazan vilayəti – 29,7%
 
Rosstat ailələrin maliyyə durumuyla bağlı 15 ildən çoxdur statistika hazırlayır və 48 min ailəni əhatələyir. Hər bir ailə iki həftə ərzində gündəlik xərclərini detallı qeyd edir. Rübün sonunda isə ailənin üzvləri arasında sorğu keçirilir. /azadliq.org
 

Google+ WhatsApp ok.ru