AŞ PA siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

Iyunun 23-də Strasburqda AŞPA sessiyasında Monitorinq Komitəsi məruzəçilərinin “Azərbaycanda demokratik təsisatların fəaliyyəti haqqında” hesabatı müzakirə edilib.
 
Hesabatda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkədə məhkəmə sisteminin vəziyyəti, noyabrda keçiriləcək parlament seçkiləri fonunda seçki problemləri qiymətləndirilib.
 
Sənəddə deyilir ki, seçki qanunvericiliyində islahatlar üzrə Venesiya Komissiyasının əvvəlki tövsiyələrinə ölkə hakimiyyəti məhəl qoymayıb.
 
Sənəd müəllifləri ölkədə ifadə və toplaşma azadlığı hüququna əməl olunmamasını, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığını qeyd ediblər.
 
Monitorinq Komitəsi insan hüquqlarının vəziyyətinin pisləşməsi, müstəqil QHT-lər və hüquq müdafiəçiləri üçün imkanların olmaması, müstəqil mətbuata təqiblərlə bağlı ciddi narahatlığını ifadə edib.
 
Həmçinin sənəddə hökumət “belə sistematik təqiblərə və hakimiyyəti tənqid edənlərin sıxışdırılmasına son qoymağa çağırılıb”.
 
Hesabatda həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin əvvəlki tövsiyə və qərarlarının tətbiqinin, real hakimiyyət bölgüsünün, ifadə və toplaşma azadlığının təminatının vacibliyi qeyd olunur.
 
Müzakirələr zamanı millət vəkilləri Avropa Şurasının dəyər və prioritetlərinə məhəl qoymadığı üçün rəsmi Bakını kəskin tənqid ediblər.
 
Sənədə sərt düzəlişlərin qəbulunun qarşısının alınması və kəskin rəylərin yumşaldılması üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun cəhdləri nəticəsiz qalıb.
 
Monitorinq Komitəsinin rəhbəri Seneh qeyd edib ki, məruzəçilər hesabatın yazılması zamanı ciddi təzyiqlərə məruz qalıblar. Hesabatın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda plüralizm, ifadə azadlığı və müstəqil məhkəmələr olsun.
 
Sənədin qətnaməsində Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsi, ölkədə repressiyalara son qoyulması, mürtəce qanunvericiliyin ləğvi,vətəndaş cəmiyyəti üçün şəraitin yaradılması, söz azadlığının təminatı tələb olunur.
 
Bundan əlavə, hesabatda hakimiyyətin dərhal azad etməli olduğu siyasi məhbusların adları açıqlanır  Turan /.

Google+ WhatsApp ok.ru