AİP Beynəlxalq Qüds Günü ilə bağlı bəyanat yaydı

AİP Beynəlxalq Qüds Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyasının Beynəlxalq Qüds Günü ilə bağlı zülmə qarşı etiraz bəyanatı yayıb
 
Maide.Az  xəbər  verir ki, partiyanın Mətbuat Xidmətindən  daxil olan bəyanatda deyilir.
 
Bu gün beynəlxalq aləmdə İslam günü-Beynəlxalq Qüds günüdür. Qüds dünyanın müqəddəs məkanı, müsəlmanların ilk qibləsidir. Allah-təala tərəfindən bu məkana xüsusi diqqət və inayət vardır. Bu müqəddəs şəhərdə yerləşən Məscidul-Əqsa əziz İslam Peyğəmbərinin İlahi ayələri müşahidə etmək üçün Meraca yüksəldiyi bir məkan, bir neçə peyğəmbərin yaşadığı torpaq, vəhylər mərkəzidir.
 
Bəşəriyyətin özünü anlam tarixindən müqəddəslik simvolu sayılan Qüds bu gün qəsb olunaraq buxovlanmış, idealı qəsbkarlıq, zorakılıq və zülm seçilən bir rejimin əsarəti altına alınmışdır. Bu tarixi işğal faktorunun bünövrəsi 1947-ci ilə təsadüf etsə də indiyə kimi nəinki davam edir, genişlənir və şaxələnir, digər regionları əhatə edir.
 
ABŞ və Böyük Britaniyanın təhrik və təzyiqi altında Birləşmiş Millətlər Təşkilatı ərəb xalqının bu qədim ata-baba yurdunda yəhudi və iki ərəb dövlətinin yaradılması haqqında qərar qəbul etdi. 1948-ci ildə mayın 14-də yəhudilər dövlət adı altında indiki İsrail adlı rejim yaratdılar. Sionist partiyanın nümayəndələri hakimiyyəti idarə etməyə başladılar. İdeyası və mahiyyəti qəsbkarlıq, irqçilik, zülm və istibdad olan bu rejim Qüdsü paytaxt elan etməklə kifayətlənməyərək ərəblərdən zəbt etdiyi ərazini 1967, 1978-ci illərdə daha da genişləndirməklə yerli sakinləri qaçqın və köçkün həyat sürməyə məcbur etdi. Əvvəlcədən hazırlanmış planın həyata keçirilməsinə razılıq verən güc mərkəzləri Fələstin dövlətinin yaradılması barədə BMT qararının icrasına şərait yaratmadılar.
 
İran İslam İnqilabının böyük banisi Həzrət İmam Xomeyni mütərəqqi fikir-düşüncə irəli sürərək haqsızlığın davamına maneə kimi işğalçılığın, insanlığa qarşı zülmün, İslamın və bütün dinlərin bəşəri dəyərlər silsiləsindən olan bərabərlik, sülh, azad insan məfkurəsinə qarşı düşmənçiliyin dayandırılması məqsədilə Beynəlxalq Qüds gününün təyin edilməsinə və bu günün hər ilin mübarək Ramazan ayının son cümə günündə geniş ictimai-siyasi-mənəvi aspektdə qeyd edilməsinə nail oldu. Bu mütərəqqi ideyanı dünya müsəlmanları ilə yanaşı tərəqqipərvər, sülhpərvər bəşəriyyət bəyəndi, qəbul etdi.
 
İnsani fitrət prizmasından yanaşanda zülmün kəskin şəkildə pislənməsi bütün dünya xalqları tərəfindən müdafiə olunur. Çünki bu zülm təkcə Fələstin xalqına qarşı deyil, bütün xalqlara, ümumilikdə bəşəriyyətə, insan fitrətinə qarşı yönələn zülm və istibdaddır. Bütün dinlərin təməl prinsiplərində azad insan fitrəti yüksək qiymətləndirilir, zülm bəyənilmir və bəşəri cinayət kimi dəyərləndirilməklə bu mənfur hiss və cürətə qarşı dayanmayanlara ilahi əzab vəd olunur. Böyük İslam Peyğəmbərindən nəql olunan hədisdə deyilir: Hər kəs bir insanın, mənim fəryadıma çatın, dediyini eşitsə və ona cavab verməsə müsəlman deyil. Bu bir insani vəzifədir ki, fitrətdən qaynaqlanmalıdır.
Bir daha bəyan edirik ki,Qüds günü nəzəri baxımdan ayrıca bir təlimdir.Mahiyyəti insanlığın ilahi vəzifəsini öyrənmək, əməli və təcrübi baxımdan isə bu təlimdə təlqin olunanları həyata keçirmək, yəni seçilmiş hədəfi insanlığa, bəşəri dəyərlərə zərər verməkdən çəkindirməkdir.
 
Sionizmin Qüdsü dünyadan, yer kürəsi əhalisindən təcrid etməkdə hədəfi dərin siyasi, psixoloji baxımdan mənfur prinsiplərə söykənir. Bu, onların əməllərinin qarşısına çıxmamaq, zülmü qəbul etdirmək, əlahiddə ixtiyar sahibliklərini sübüt etməkdən ibarətdir. Bu baxımdan hazırkı dünyada erməni şovinizmi və terrorizmi, insanlığa qarşı qəddarlıq nümunəsi və zülmü ilə sionizm ideologiyası və onun daşıyıcıları arasında heç bir fərq yoxdur. Bunun isə bəşəriyyətə, xalqlara və dövlətlərə, dinc insanlara ağır zərbə vuran işğalçılıq, qəsbkarlıq, nahaq qanlar axıdılması kimi ənənələrin yayılmasıdır.
 
Bu gün Qüdsdə baş verənlər batilin iç üzünün açılmasına nə qədər təsir edirsə, haqqın və onu müdafiə etməyin əhəmiyyətini də bir o qədər artırır.İraqın işğal altında saxlana bilməməsi,Suriyanın asan yolla qəsb oluna və parçalana bilməməsi, işğalçı rejimlərin Əfqanıstandakı ağır duruma düşməsi, Qarabağı Azərbaycandan qoparmağın qeyri-mümkünlüyü fitrətimizdə bu haqqın tanınması, onun müdafiəsinin nəticəsidir.
 
Terroru dövlətçilik və siyasi fəaliyyətlərinin başlıca amalı və vasitəsi hesab edən sionistlər və erməni qəsbkarları zorakılığı, körpələri, qoca və qadınları rəhm etmədən öldürməyi xislətlərinə hopdurmuşlar.Marginal mübarizə sistemi olaraq belə rejimlər ayrı-ayrı dövlətlərə və hakimiyyətlərə təzyiq göstərmək üçün terroru, qəsbkarlığı ən ucuz metod kimi seçir. Suriyada, qardaş Türkiyədə baş verənlər və bu faciələrin törədicilərinin dəstəkləyiciləri heç bir beynəlxalq təşkilatların qəbul etdikləri qərarları tanımır, insan haqlarını dünyanın gözü qarşısında pozurlar.
 
Bəyan edirik ki, bu zülmdən qurtarmağın bir yolu varsa tərəqqipərvər bəşəriyyətin zülmə, hər növ istismara qarşı birlikdə və birləşərək mübarizə aparmaqdır. Bu yol Qüdsdən, Qarabağdan, İraq,Əfqanıstan və Suriyadan keçir, davamı Yəməndə, Bəhreyndə və dünyanın istismarçı sinifləri ilə əməkdaşlıq edən digər bölgələrdədir.
Bu yolda biz dünyanın sülhsevər xalqlarını, milliyətindən, rəngindən, dinindən və irqindən asılı olmayaraq bütün insanları zülmə, qəsbkarlığa, hər növ işğala qarşı mübarizəyə çağırırıq. (İslaminSesi)
 

Google+ WhatsApp ok.ru