Apellyasiya Məhkəməsi Rasim Əliyevin ölümündə həkimlərin məsuliyyətini araşdırmaqdan imtina edib

Cümə günü Bakı Apellyasiya Məhkəməsində Qədim Babayevin sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümü haqqında iş üzrə hazırlıq iclası keçirilib. Birinci instansiya məhkəməsiin hökmündən həm təqsirləndirilənlər, həm də zərərçəkmiş tərəf – mərhumun valideynləri apellyasiya şikayətləri verib.
 
Zərərçəkmiş tərəfin vəkili Fariz Namazlının Turan-a verdiyi məlumata görə, o, prosesdə işin təkrar araşdırma üçün birinci instansiya məhkəməsinə qaytarılması haqqında vəsatət qaldırıb. O, bu vəsatəti Əliyevin ölümündə həkimlərin məsuliyyətinin müəyyən edilməsi zərurəti ilə əsaslandırıb.
 
Onun sözlərinə görə, istintaq əsassız olaraq həkimləri məsuliyyətə cəlb etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsi də bu məsələyə baxmaqdan imtina edib.
 
Maraqlıdır ki, təqsirləndirlən şəxslərin valideynləri də bu vəsatəti dəstəkləyiblər. Onlar hesab edirlər ki, Rasim Əliyev vaxtlı-vaxtında tədbir görməyən həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişib.
 
Təqsirləndirilən şəxslərin vəkilləri qismi təkrar məhkəmə istintaqının aparılması şikayətinə baxılması barədə də vəsatət veriblər.
 
Lakin hakimlər vəsatətlərin heç birini təmin etməyiblər və mahiyyətcə dinləmələri iyunun 10-na təyin ediblər.
 
 * Rasim Əliyev facebook-da futbolçu Cavid Hüseynovun mənfi davranışı haqqında şərhini dərc etdikdən sonra 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-u səhərə yaxın jurnalist xəstəxanada dünyasını dəyişib. Faktla bağlı beş nəfər CM-in 126.3-cü (qəsdən ağır bədən xəsarətləri yetirmə, ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 1-də beş təqsirləndirilən şəxs barəsində hökm çıxarıb – Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Faktla bağlı jurnalistin ölümündən sonra həbs edilmiş futbolçu Cavid Hüseynovun işi üzrə məhkəmə təhqiqatı davam edir.
 

Google+ WhatsApp ok.ru