AİP Milli Şuranın mitinqində iştirakı qeyri-məqbul hesab edir

Bu gün, Azərbaycan İslam Partiyasının nəzdində yaradılmış Analitik İnformasiya Mərkəzinin ənənəvi şənbə toplantısı keçirilib.

Bu barədə İslaminsesi.org-a AİP-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, AİM üzvləri iclasın gündəliyinə daxil olan 3 məsələ ətrafında geniş müzakirə aparıblar. Dünyada və ölkədə baş verən hadisələrə, Milli Şuranın bazar günü keçiriləcək aksiyasına münasibət bildirilib, o cümlədən, partiyanın noyabrın 16-na planlaşdırdığı mitinqə hazırlıq vəziyyəti nəzərdən keçirilib.

Çıxış edən natiqlər Məhərrəm ayının 10-cu günü- Aşura mərasimində ayrı-ayrı bölgələrdə inanclı insanların əzadarlıq keçirməsinə polis müdaxiləsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlının həmin gün Nardaranda guya təxribat xarakterli addımların atılması barədə fikirləri diqqətə çatdırıldı. Kərbəla məktəbinin insanlara, müsəlmanlara əqidə dərsinin zəiflədilməsi məqsədilə atılan addımlar, xüsusən bu günün daha yüksək ruhiyyə ilə qeyd edilən məkanlardan biri də Nardaran olduğu üçün ləkələndirilməsi AİM üzvləri tərəfindən kəskin tənqid edildi. AİM sədri Üzeyir Heydərov ölkənin televiziya kanallarlnda Məhərrəmlik günlərində belə şou verilislərin davam etməsinə təəssüfləndiyini bildirdi.

Akif Heydərli Nardaranda baş verən olaylarla bağlı fikirlərini çatdıraraq bildirdi ki, orada guya İranın dövlət  atributlarının asılmasına irad tutulması Aşura mərasiminin yüksək səviyyədə keçirilməsi ilə əlaqədardır. O, çıxışında Əqsa məscidinə qarşı sionist qüvvələr tərəfindən edilən təcavüzlərə toxunaraq, partiyanın bununla bağlı sərt bəyanat verdiyini vurğuladı.

Hacı Elçin Manafov sözünə Kərbəla şəhidlərinə baş saglığı ilə başladı.

Bildirdi ki ilk öncə bizim mitinqdə iştirak etmək istəyimiz birmənalı qarşılanmadı. Amma həqiqəti ortaya qoymalı idik.

Müzakirələr zamanı diqqətə çatdırıldı ki, İmam Hüseyn məktəbi bu gün torpaqları işğal altında qalan Azərbaycan şəhidpərvər xalqımız üçün daha önəmli, vacib  örnəkdir. Burada ümumxalq, ümumdövlət maraqları üst-üstə düşməlidir. Amma hər şey əksinə görünür.

Toplantı iştirakçıları İsrail hərbçiləri tərəfindən Qüdsdə baş verən vəhşiliklər, Məsçidül-Əqsada bombaların partladılmasını, dinc insanlara qarşı silahların tətbiq edilməsini, yaralı və ölənlərin olmasını insanlığa, dinlərə qarşı açıq təhdid və düşmənçilik kimi qiymətləndirdilər. İştirakçılar Azərbaycan hakimiyyətinin İsrailin bu addımına qarşı sərt reaksiya verməsini vacib və zəruri hesab etdi.

Məclis üzvləri Milli Şuranın 09 noyabr tarixli mitinqində AİP-in kütləvi iştirakına dair partiya rəhbərliyinin bir neçə gün bundan öncəki razılığını müzakirə etdi.

Çıxış edənlər AİP-in mitinqdə iştirakı və çıxışı ilə bağlı baş verənləri, Milli Şura rəhbərliyi, üzvləri tərəfindən səslənən fikirləri, qurumun Kordinasiya Mərkəzinin qəbul etdiyi qərarı diqqətlə nəzərdən keçirərək təhlil etdilər.

 Onlar öncə AİP siyasi şöbəsinin rəhbəri A. Heydərlinin Milli Şuranın sədri C. Həsənli ilə görüşün təfərrüatları, razılaşdırılmış detallar haqqında məlumatları dinlədilər.

Akif Heydərli bildirdi ki, o, Cəmil Həsənli ilə apardığı müzakirə və söhbətlərdə AİP-ə hansısa müraciət və ya çağırış etməsinin zəruri olduğunu bildirdikdə Cəmil müəllim bunun elə bu gün edəcəyini bildirmiş və etmişdir:

“Bundan başqa mən bizdən, yəni AİP  rəhbərliyindən birinə çıxış üçün söz verilməsini təklif etdikdə Cəmil müəllim bildirdi ki, buna şərait yaradacağıq. Axı məlumdur ki, bu gün həbsdə olan günahsız insanların, əqidə məhbuslarının  əksəriyyəti AİP üzvləridir”.

A.Heydərli daha sonra bildirdi ki, bütün bunlar nəzərə alınaraq partiya rəhbərliyi verilən fürsətə görə Milli Şuranın rəhbərliyinə minnətdarlıq edib və partiya olaraq bu aksiyada kütləvi şəkildə iştirak etmək, siyasi məhbuslara azadlıq tələbi ilə yanaşı insan haqlarının qorunması, Qarabağın azad olunması kimi tələblərinin irəli sürüləcəyini bildirib.

Məlum olduğu kimi, AİP-in bu qərarından dərhal sonra MŞ üzvləri və o cümlədən C. Həsənli A. Heydərli ilə razılaşdırılmış detalları təkzib edərək bunun yolverilməz olduğunu mətbuatda bəyan edib.

Vurğulanıb ki, AİP rəhbərliyinə söz verilməyəcək. Bundan başqa tələb ediblər ki, heç bir əlavə şüar səslənməsin və heç bir atribut göstərilməsin, çünki mitinq dünyəvi xarakter daşıyır və yalnız Milli Şuraya məxsusdur.

AİP-in sədr müavini Vüqar İbayev da MŞ rəhbərliyinin müstəqil qərar vermək səlahiyyətini olmamasını ciddi tənqid edərək digər siyasi qurumlardan fərqli olaraq AİP-in xalqa arxalandığını və hər zaman müstəqil qərar verdiyini diqqətə çatdırdı.

Elmar Səmədov Milli Şurasının mitinqində partiyanın iştirakını qeyri- məqbul adlandırdı. Əgər onlar ölkənin 96%-nin  müsəlmanlar təşkil etdiyi halda  mitinqdə islamçıların iştirakına etiraz etdiyinə görə  onları  Milli Şura adlandırmağın belə düzgün olmadığını vurğuladı:

“ Mitinqdə dini şuarlar, atributların istifadəsini təxribat adlandırmaları  və mitinqi dünyəvi kimi qələmə vermələri onların İslama qarşı qərbyonlü mövqeyini tam təsdiqləyir. Ona görə də bu mitinqə iştirak etmək düzgün deyil.

Əliyar Nəzərov KİV tərəfindən Nardaranda İslam alimlərinin şəkillərinin və hər hansı İslam dövlətinin bayrağının qaldırılmasına qarşı təxribat xarakterli fikirlərə aydınlıq gətirdi. O Aşura mərasiminin bütün İslam dünyası üçün mühüm bir hadisə olduğunu və mərcəyi təqlidlərin şəkillərinin verilməsində təəccüblü və təxribat xarakterli heç bir hərəkətin olmadığını nəzərə çatdırdı.

Elşən Orucuv partiyanın mitinqlə bağlı rəsmi müraciətinin noyabrın 5-də Bakı İcra hakimiyyətinə təqdim olunduğunu  və yaxın günlərdə buna cavabın veriləcəyini bildirdi. O, Milli Şuranın  bu addımına reaksiya verərək, onları qeyri-ciddi insanlar adlandırdı. AİP kimi ciddi bir partiyanın belə qeyri-ciddi insanlarla əlaqəsinin mümkünsüzlüynü qeyd etdi.

 Çıxış edənlər bildirdilər ki, Cəmil müəllimin Azadlıq qəzetinin son nömrəsindəki çıxışında qeyd olunan detallardan aydın olur ki, AİP-in mitinqdə iştirakına hansısa təxribatlar hazırlanır və bu təxribatlar MTN tərəfindən həyata keçirilə bilər. İslamçılar qeyd etdilər ki, onlar hər zaman izlənə və təhdid oluna bilərlər. Amma onlar bundan çəkinməyə və xoflanmağa heç bir ehtiyac görmürlər. Amma Milli Şuranın rəhbərliyinin buna görə fikirlərindən yan keçməsi və AİP-in mitinqdə iştirakını demək olar ki, arzuolunmaz hesab etməsi kimi fikirlər səsləndirməsi AİP-çiləri əvvəlki qərarlarını dəyişərək mitinqdə iştirak etməmək qərarını qəbul etməyə  sövq edib.. Toplantı bununla bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Milli Şura rəhbərliyi, üzvləri tərəfindən səslənən fikirləri, qurumun Kordinasiya Mərkəzinin qəbul etdiyi qərarı diqqətlə təhlil edərək, AİP-ə qarşı təxribatların gözləndiyini və göstərilən şərtlərin pozulmasını nəzərə alaraq AİP mitinqdə iştirakı qeyri-məqbul hesab edir. islaminsesi.org /

Google+ WhatsApp ok.ru