Arif Hacılı Müsavat Partiyasının yeni başqanı seçildi

Ötən gün Müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib.

Maide.az-ın məlumatına görə, qurultayda partiya başqanlığına, eləcə də Mərkəzi Nəzarət və Təftiş Komissiyasına və sərbəst Məclis üzvlüyünə seçkilər keçirilib, Nizamnaməyə və partiyanın proqramına dəyişikliklər edilib.

Partiya başqanlığa Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizədliyini verib. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb. Qurultay nümayəndələrin əksəriyyəti -  228 nəfər Arif Hacılının namizədliyinə səs verib. Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19  səs toplayıb. Tələb olunan səs çoxluğu 225 səs təşkil edib. Səsvermədə 449 nəfər  iştirak edib. İki  bülleten etibarsız sayılıb.

Qeyd edək ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.

Səsvermə nəticəsində Arif Hacılı Müsavat Partiyasının başqanı seçilib. Bundan öncə 22 il müddətinə Musavat Partiyasına
İsa Qəmbər başqanlıq edirdi. Partiyanın qurultayında həmçinin qərara alınıb ki, 2018-ci ildə keçiriləcək Prezident seçkilərində İsa Qəmbər namizədliyi dəstəklənsin.

Arif Hacılı 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1983-1988-ci illərdə Zaqatala rayon radiosunun redaktoru işləyib. 1990-1995-ci illərdə Azərbaycanın Ali Sovetinin deputatı olmub. Azərbaycanın istiqlalçı deputatlarından, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə, Elçibəy hakimiyyəti dövründə Azərbaycanın Ərazi Hakimiyyət və İdarəetmə işləri üzrə Dövlət Müşaviri işləyib. Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında fəal iştirak edib, 1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olub. 1992-ci ildə Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olub. Müxtəlif dövrlərdə Müsavat Partiyası başqanının təşkilati məsələlər üzrə müavini işləyib. 2000-ci ilin parlament seçkilərində Müsavat partiyasının, 2003-cü ilin prezident seçkilərində prezidentliyə namizəd İsa Qəmbərin seçki qərargahlarının rəhbəri olub.2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəridir, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür.  /

Google+ WhatsApp ok.ru